Zəka Vilayətoğlu - YERİDİR
Gəzib axtarmağa yoxdur həvəsim,
Gözlərin ağlımın itən yeridir!
Hər sözün, söhbətin ayrı füsundur,
Gülüşün güllərin bitən yeridir!
Hələki bu canım diridir, sağdır,
Səninlə kefim kök, damağım çağdır.
Dünya bir cənnətdir, çiçəkli bağdır,
Könlümün bülbül tək ötən yeridir!
Zəka ümidlənib çıxıbdır yola,
Pənahım Tanrıdır, nə ola, ola!
Qoymaram qəriblik çəkə, sozala,
Ürəyim eşqinin vətən yeridir!