Qəşəm Nəcəfzadə - Bir də görürsən...
Elə inciyirsən, elə küsürsən,
Yumub gözlərini elə qaçırsan...
Yaya təpik vuran iti ox kimi-
Yerə təpik vurub hər gün, hər saat,
Sancılıb havaya şırım açırsan.
Uçursan , uçursan, bir də görürsən,
Allah da qalıbdı səndən geridə.
Saatından qopan dəqiqə kimi,
Başından yıxılan dəbilqə kimi,
Belə millət kimi, qəbilə kimi,
Ayağın tutduqçan elə qaçırsan,
Əlini soxursan göyün gözünə,
Gözün özündən də bir göz açırsan,
Dönürsən arxaya, dönüb görürsən,
Vətən də qalıbdı səndən geridə.
Bilmirsən, görmürsən səni qovanı,
Başı sığallayıb içi ovanı.
Aşırsan dağıları elə gedirsən,
Soldurub bağları belə gedirsən,
Qəfil oyanırsan, qəfil bilirsən,
Sevgi də qalıbdı səndən geridə.
Atanı, qağanı qoyub gedirsən,
Bəyini, ağanı qoyub gedirsən.
Qolundan əlini atıb gedirsən,
Ayaqdan yolunu atıb gedirsən,
Birdən ayılırsan ömrün birində
Baş – ayaq durmursan göyün üzündə
Allah yerdə qalıb sən isə göydə,
Allah göydə qalıb sən isə yerdə...