Könül Nuriyeva - Nə sən bayramsan, nə mən bayramlaşan...

Ədəbiyyat 09:45 / 29.05.2026 Baxış sayı: 312

Nə sən bayramsan, nə mən bayramlaşan saxta adam,

ikimiz də sevgiyə edirik sitayiş.

O olmasa, hər yer bizə matəm,

Ürəyimiz eşqlə döyünür müdam…

Bizə bəs edir sevinc, olsa da bir qarış,

ikimiz də bilirik ki—

Buna görə kimsə etməz bizə alqış,

hər bayramdan hədiyyəmiz – minlərlə açıq baxış.

Nə sən soyuq qış səhərisən,

Nə mən bu səhəri isidən halsız günəş.

İstəməsək, kim bəxş edər bizə duanı?

Sən məndən başqa kimə verə bilərsən

bu qədər sualı?

Biz ikimiz də ağlaya bilmərik yetim uşağı görəndə;

Bəs deyirdilər adam şirindil olurmuş sevəndə

Nə sən o uşağın başına sığal çəkənsən,

Nə mən “Qadan alım” deyənəm,

Biz onun əlindən tutub, istədiyini alan adamlarıq.

Biz xoşbəxt oluruq

onun gözlərinin güldüyünü biləndə…

Nə sən dəli-dolu yaz yağışısan,

Nə mən şıltaq göyqurşağı.

Biz ikimiz də hamıdan gizlənən təkadamlıq qatarıq.

Nə sən uzun gecəsən, nə mən nağıl danışan qız;

Kədər boyumuza biçilib.

Elə bil bu boyda adamın içindən,

tərki-dünyalıq bizimçün seçilib.

Biz ikimiz də sübhü qarşılamağı

hər gün özünə söz verən,

Amma edə bilməyən yalançılarıq…

Nə bilmək olar, bəlkə də

bu dünyanın bayramlarını oğurlayan talançılarıq.

Nə sən şeir dinləyən kişisən, nə mən şeir yazan qadın;

Bizimki kənardan izləməkdir olanları.

Biz ikimiz də adamlardan qaçırıq;

Harda bir adamlıq stol var, harda təknəfərlik kupe var,

Hə, bax, orda sanki qol-qanad açırıq…

Kim bizi bəyənər bizdən savayı?

Kim dözər çətin adama havayı?

Bir-birinə tay iki qəliz,

Kim var bizə bir-birimizdən əziz?

İkimizə aid bir yol görünür, tənha bir iz;

Başa düşsə, təkcə başa düşər –

Görüşlərimizin şahidi dəniz…

Bəlkə də daha o istəmir bizi

bəlkə bizə göstərəcək laqeyd bəniz!..

Nə sən xəzrisən,

nə mən gilavar

bir-birimizə deyəcəyimiz ən şirin söz—

Necəsən, nə yox, nə var?

Axı mən olmadan, sənə sahil dar

axı sən olmadan, mənim işim ahu-zar!..

Nə sən unudulmuş kənd yolusan,

nə mən tapdanmış alaq otu

çılğın adamlara qarşı var

içimizdə qorxu…

Görəsən, necə olacaq

bu iki adamın sonu?

Nə sən ağırbaşlı yer kürəsisən

nə mən sənin ətrafında flrlanan ay

ikimiz də axı tapammırıq özümüzə

yoldaş, dost, tay…

Burda doğulsaq da, aid deyilik bura

Getməliyik

bayramlardan

insanlardan uzağa…

Özümüzü yenidən tanımağa.