İSMAYIL İMANZADƏ - MƏNİM BU DÜNYADAN GÖZÜM SU İÇMİR...

Ədəbiyyat 14:21 / 29.05.2026 Baxış sayı: 285



Allah, yaratdığın dünya budursa,
Bəs, niyə aləmə hökm eləyir şər?
Nemətin od, torpaq, hava, sudursa,
Daha nə istəyir görəsən bəşər?

Ya Sən xəlq etdiyin dünya bu deyil,
Ya da pozulubdu mizan-tərəzi.
Bilən yox nədəndir artır ilbəil,
İnsanın-insana kini, qərəzi...

Sənin əvəzindən hökm edənə bax,
Məzluma əl uzat, yiyə dur, Allah!
Üst-üstə çəkilsin sinəsinə dağ,
Kim ki varlığını unudur, Allah!

Rəhmin gəlməsəydi gül balalara,
Yerin “şah damarın” kəsib atardın.
Son qoyub biryolluq sərvətə-vara,
İnsanın nəfsindən ocaq çatardın!..

Bağışla... səbrini tarıma çəkdik,
Özün də bezmisən cəngdən-savaşdan.
Toxumluq dən verdin... qan-qada “əkdik”,
Barı cəzamızı ver bəribaşdan...

Heç kim “arşınınla” öz boyun ölçmür,
Tanrım, yamanlığın amanını qır!
Mənim bu dünyadan gözüm su işmir,
Sən onu təzədən bir də yarat, qur!
29.05.2023