MƏN, DƏNİZ VƏ SƏMADA SÜZƏN QAĞAYILAR

Ədəbiyyat 08:43 / 30.05.2026 Baxış sayı: 974

 

Yenə qarşımdadır sonsuz üfüqlər,

Göyün üzündə də tənha bulud var.

Sanıram köksümlə eyni döyünür,

Dənizdən sahilə cuman dalğalar.

 

Yenə dərdləşməyə gəlmişəm, dəniz,

Ruhumun darıxan qərib çağıdır.

Bu boyda şəhərdə, tənhayıq nədən?

Elə bil dünyanın buz bucağıdır.

 

Süzür qağayılar göyün üzündə,

Səsləri bir ümid harayı kimi.

Baxıb güzgülənir dəniz gözündə,

Titrəyir baxdıqca könlümün simi.

 

Dünəni unudan səsdir hər biri,

Əriyib yox olur xəyallarımda.

Cavabsız sualdır mənim hər gecəm,

Qağayı səsi var ahu-zarımda.

 

Fəlsəfə axtarma bu gedişatda,

Mənim dərdlərimin kökü dərindir.

Tənhalıq deyilən bu boyda şələ,

Ancaq mənim kimi səməndərindir.

 

Yenə tək qalmışam özümlə burda,

Bir ömür boğulur bu dar qucaqda.

Sən, mən, qanad çalan o qağayılar,

Bir gün qalacağıq gözdən uzaqda.

Sevil Azadqızı