Ayaz Arabaşı - Ulu, qədim diyardan dostlara salam olsun...

YAZARLAR 09:09 / 01.06.2026 Baxış sayı: 408

 

Həm də o dostlara ki, ömrün uzun yolunda təsadüf kimi qarşıma çıxıb tale kimi qalıblar..Uşaqlıqdan bu günə qədər ürəyimdə bir çıraq kimi yanan xatirələr var.

Yaddaşımın ən işıqlı, ən isti yerlərində yaylaq yolları yaşayır. Hələ gün doğmamış atın belinə qalxardıq. Dağların başını duman alardı. Çiskin yağardı. Çınqıllı yollarda atımızın nallarından qopan səs qayalara dəyib geri dönərdi.

Dağlarda qəribə bir hikmət var. İnsan dağların başında dünyanın kiçildiyini görür. Aşağıda qalan evlər, bağlar, yollar nöqtəyə çevrilir. Onda anlayırsan ki, ömrümüz boyu böyütdüyümüz dərdlər də əslində o evlər kimi uzaqdan baxanda kiçik görünür. Bəlkə də dağlar buna görə uca yaradılıb, insan özünü yox, həqiqəti böyük görsün deyə.

İllər keçdi. Atlar qocaldı, yollar dəyişdi, yaylaqlar yetim qaldı. Amma o çiskinli səhərlər yaddaşımdan silinmədi. Hərdən yağışın ilk damcısı üzümə dəyəndə özümü yenə o dağ yolunda hiss edirəm. Atamın boz atının tərkində.. Duman yavaş-yavaş qalxır, yol bitmək bilmir..

Bəlkə də həyat elə budur. Hamımız bir dumanın içindən keçirik. Qarşımızı tam görə bilmirik. Amma yanımızda güvəndiyimiz bir insan varsa, yol qorxulu görünmür. Uşaqlığın ən böyük sərvəti də budur, dünyanın hələ sirrini itirmədiyi, ataların isə dağlar qədər böyük göründüyü illər.

İndi dönüb o günlərə baxanda görürəm ki, insanın əsl vətəni doğulduğu yer deyil, həsrətini çəkdiyi xatirələrdir. Mənim vətənim anamın samovarı ın zümzüməsində, biçinçi nəğmələrində, kərənti sədalarında, dumanlı yaylaq yollarında, at nallarının musi qisində, çiskinli səhərlərdə və atamın kölgəsi ilə yanaşı uzanan o qədim cığırlardadır..

Ulu, qədim diyardan, bir vaxtlar dağlara aparan, indi isə xatirələrə çevrilən bütün yollardan dostlara salam olsun...