Faiq Balabəyli - XƏBƏRİNİZ OLMADI

Ədəbiyyat 21:55 / 31.05.2026 Baxış sayı: 132

XƏBƏRİNİZ OLMADI

Sizin məndən xəbəriniz olmadı;

harda idim, necə bir gün yaşadım,

üz-gözümdə sevinc vardı, amma ki

ürəyimdə necə küskün yaşadım,

Sizin məndən xəbəriniz olmadı...

Susuzluqdan cadar idi dodağım,

əllərimin qabarından nə deyim.

Yorğun idi, yerimirdi ayağım

doğmalara, çırpınaraq can atan,

ürəyimin qübarınnan nə deyim -

Sizin məndən xəbəriniz olmadı...

Kənd yolumuz, Bazı tərəf, Xamrava

ayağımın izlərini saxladı

zaman keçdi, yaşım üstə gəldi yaş

dərd yol açdı sevincimi haqladı, -

Sizin məndən xəbəriniz olmadı...

Yada düşür, yad olmayan o günlər

xatirələr ağlın alır adamın

Yalan desəm, qoy dillənsin bilənlər

toyum günü köç eləyən atamın

gözlərində donub qalan göz yaşı

ürəyimdə daşa döndü o gündən -

Sizin məndən xəbəriniz olmadı...

Kəndimizin adamları... nə deyim

eləsi də, beləsi də doğmadı.

Bəzən oldu cadar olmuş torpağa

Tanrı göydən durub baxdı, amma ki,

göz yaşıtək bircə damcı yağmadı;

bu Tanrının alqışıydı, qarğışı -

xəbərimiz olmadı.

Faiq Balabeyli