YARIMÇIQ QALMIŞ SEVGİNİN İZLƏRİ...
Aləmzər Sadıqqızının - "Məni unutmağı asan bilmə sən..." - şeiri üzərində düşüncələrim.
Eşq — insanın daxili aləmini zənginləşdirən, şəxsiyyətini formalaşdıran və mənəvi dünyasını kamilləşdirən ən böyük qüvvələrdən biridir.
Hər bir eşqin gətirdiyi sevginin sonu çox vaxt xoşbəxtliklə bitmir. Çünki, dəyəri bilinməyən məhəbbətin, pozulan ilqarı və sarsılan etibarı insanın daxilində dərin uçurumlar yaradır. Belə məqamlarda eşq artıq sevinc mənbəyi olmaqdan çıxır, gözlərdən leysan kimi süzülən bir ağrıya, qəlbi göynədən bir nisgilə çevrilir.
Bəlkə elə buna görə böyük fars şairi Əbdülqasim Firdovsi demişdir: “Eşq gülən gözdə deyil, ağlayan qəlbdədir.”
İnsan zaman keçdikcə anlayır ki, eşq yalnız qarşılıqlı duyğuların adı deyil. O, bəzən təkbaşına daşınan bir tale, bir ömür yükü, insanın ruhuna yazılmış bir alın yazısıdır.
Qəlb bəzən bir sevginin içində doğulur, bir xəyanətin içində sınır, dərdlərin və iztirabların qoynunda isə kamilləşir. Eşq, ağrı və mənəvi sarsıntılar insanın yetkinliyə aparan yolunun ayrılmaz dayanacaqlarıdır. Məhz bu yolda insan özünü tanıyır, həyatın həqiqətlərini daha dərindən dərk edir və ruhunun gizli qatlarına enə bilir.
Bilirik ki, klassiklərdən üzübəri Azərbaycan ədəbiyyatında qadın şairlər poeziyaya yeni mövzular, fərqli düşüncə tərzi və incə psixoloji çalarlar gətirmişlər. Bu gündə belədir. Çünki, onların yaradıcılığında ailə, ana məhəbbəti, sevgi, azadlıq, sosial ədalət və bərabərlik kimi mövzular xüsusi yer tutur. Eyni zamanda qadının daxili dünyası, cəmiyyət içindəki mövqeyi, şəxsi yaşantıları və mənəvi sarsıntıları o qədər dolğun və səmimi şəkildə əks olunur ki, oxucu istər-istəməz müəllifin hisslərini yaşayır, onun ağrısını öz qəlbində duyur.
Bu poeziyada bizə ritmik, duyğulu ağrılarla çatdırılır. Ona görə də poeziya insanın hiss və düşüncələrinin, duyğularının, arzularının və xəyallarının bədii sözün sehri ilə cilallanır. O, həyatın görünməyən tərəflərini görünən edir, insan ruhunun ən incə tellərinə toxunaraq onu düşündürür, duyğulandırır və mənəvi zənginliyə aparır.
Nədəndirsə bir çox qadın şairlərimiz var ki, öz eşq iztirabların poetik fikirə çevirib bir şeir nümunəsi kimi oxucularına təqdim edəndə ruhuma yuxarıdakı fikirlər çökür. Bu gündə belə oldu. Gözəl şairimiz Alamzər Sadıqqızının - "MƏNİ UNUTMAĞI ASAN BİLMƏ SƏN..." -şeiri çıxanda bu hissləri yaşadım. Doğrusu onun bütün şeirləri mənim üçün maraq kəsb edir. Çünki, onun sadə dildə hissini ortaya qoyması çox gözəl alınır.
Aləmzər xanımın bu şeir ayrılığın, unudulmamaq istəyinin və sevginin insanın varlığında necə kök saldığının poetik etirafıdır. Lirik qəhrəman sevgilisindən ayrı düşsə də, özünü onun həyatından silinməz bir hissə kimi görür. Şeirin əsas qayəsi budur ki, həqiqi sevgi fiziki ayrılıqla bitmir, insanın qanına, canına, ruhuna çevrilir. İlk misrada deyildiyi kimi;
"Məni unutmağı asan bilmə sən...
Bilirsən canında, qanındayam mən.
Aldığın havada, içdiyin suda...
Təpədən dırnağa canındayam mən."
Şeir iddialı və qətiyyətli bir müraciətlə başlayır. Şair sevgilisinə bildirir ki, onu unutmaq düşündüyü qədər asan deyil. Burada sevgi artıq hiss olmaqdan çıxıb, insanın bioloji və mənəvi varlığının ayrılmaz hissəsinə çevrilib. "Canında, qanında", "aldığın havada, içdiyin suda" ifadələri məhəbbətin həyat mənbəyi qədər vacib olduğunu göstərir.
"Nə qədər könlümü oyursansa oy,
Həsrətin əliylə ürəyimi soy,
Apar əllərini ürəyinə qoy,
Gör necə qəlbinin yadındayam
mən."
Bu bənddə inciklik və sitem hiss olunur. Qarşı tərəfin laqeydliyi, uzaqlığı şairin qəlbini yaralasa da, o əmindir ki, sevgilisi onu unuda bilməyib. "Əlini ürəyinə qoy" ifadəsi həm vicdana müraciətdir, həm də həqiqəti etiraf etməyə çağırışdır.
"Bir xoş xatirə yox anıb güləsən,
Bilmirəm ömrümə gəldin niyə sən,
Qoy deyim ömürlük bunu biləsən,
Ölüncə təninin solundayam mən!"
Burada xəyal qırıqlığı daha qabarıq görünür. Şair keçmiş münasibətdə xoş xatirələrin azlığından gileylənir. Lakin buna baxmayaraq, sevgisini geri çəkmir. "Təninin solundayam mən" misrası çox təsirlidir. Sol tərəf ürəyin yerləşdiyi məkan olduğundan, şair özünü sevgilinin ürəyi ilə eyniləşdirir.
"Başını götürüb getdiyin yerə,
Özünün özündən itdiyin yerə,
Məni ürəyindən atdığın yerə,
Dönüb görəcəksən yanındayam
mən."
Bu bənddə sevginin təqibedici yox, müşayiətedici xarakteri verilib. Hara getsə də, özündən qaçmağa çalışsa da, insan öz xatirələrindən qaça bilmir. Şair demək istəyir ki, məni qəlbindən çıxardığını zənn etsən də, bir gün dönüb baxanda yenə yanındayam.
"Sənsiz əllərimin səsi üşüyər,
Ölən arzuların nəşi üşüyər,
Ölər bir qəribin yası üşüyər,
Bilmərsən o anda hayandayam
mən..."
Şeirin ən kövrək bəndlərindən biridir. Burada tənhalığın və ümidsizliyin ağır yükü hiss olunur. "Əllərimin səsi üşüyər" ifadəsi maraqlı poetik tapıntıdır. İnsan yalnız qalanda hərəkətlərin, arzuların, hətta yasın belə soyuğa qərq olması təsvir edilir. Son misra isə qeyri-müəyyənlik və dərd hissini daha da artırır.
"Səni kim ağlayar məndən savayı,
Yıxılar könlümün sənli sarayı,
Ay mənim könlümün hayı-harayı,
Səsləsən görərsən ruhundayam
mən!"
Son bənd ümumiləşdirici nəticə rolunu oynayır. Şair öz sevgisinin bənzərsizliyini vurğulayır. "Səni kim ağlayar məndən savayı" misrasında həm fədakarlıq, həm də tənhalıq hiss olunur. Finalda isə sevgi artıq bədəndən də ayrılır və ruh səviyyəsinə yüksəlir. Birinci bənddə "qanında-canında" olan şair, son bənddə "ruhundayam" deyərək sevginin mənəvi zirvəsinə çatır.
Bu şeirin əsas mövzusu unudulmayan sevgi və ayrılıqdan sonra da davam edən mənəvi bağlılıqdır. Şeirdə hisslər mərhələlərlə inkişaf edir. Əvvəlcə sevginin varlıqda yaşaması, sonra inciklik və həsrət, daha sonra xəyal qırıqlığı, tənhalıq və kədər.
Sonda isə sevginin ruha çevrilməsi.
Ən güclü poetik xüsusiyyətlərdən biri şairin sevgini maddi aləmdən mənəvi aləmə doğru yüksəltməsidir. Şeir "qanında-canında" başlayır, "ruhundayam" ilə bitir. Bu isə əsərin daxili fəlsəfi xəttini təşkil edir.
Ümumilikdə, "Məni unutmağı asan bilmə sən..." şeiri qarşılıqsız və ya yarımçıq qalmış sevginin ağrısını, insan yaddaşında silinməyən izlərini və sevginin zamanla yox olmayıb ruhani bir varlığa çevrilməsini ifadə edən duyğulu, səmimi və təsirli bir lirik nümunədir.
Şeirin ən yaddaqalan fikri isə budur: insan sevdiyini həyatından çıxara bilər, amma ürəyindən və ruhundan çıxarmaq hər zaman mümkün olmur.
Bu kiçik yanaşmamla gözəl şairimiz Aləmzər Sadıqqızı na sağlam can sağlığı, uzun ömür, sevincli günlər və yaradıcılıq uğurları diləyirəm.
Böyük səmimiyyətlə,
Elxas Comərd.
AYB-nin, "İti Qələm" Respublika Ədəbi Birliyinin və "Ağsu Yazarları" Ədəbi Birliyinin üzvü