O YERLƏR, O ADAMLAR
Ədəbiyyat
11:11 / 01.06.2026
Baxış sayı: 419
Dənizlər bir yana, göllər bir yana,
Biz keçən çaylarda durulmaz sular.
Bulağın gözləri dönər giryana,
Palçıq ceyillikdə burulmaz sular.
Yola görə deyil sonun mənzili,
Tanrı da özünə bəndə seçirdi.
Əlindən uzundu kiminsə dili,
Kiminsə əməli çəlməkeçirdi.
Yoxmuş kəraməti saxta pirlərin,
Sildik dolu qəlbdən boş arzuları.
Burda iti azmaz yad ləpirlərin,
Qalıb at izində yağış suları.
Yol da elə çəkir üzü dağlara,
Keçərmi, keçməzmi sular dənizdən.
Çalış barışmağa bir üsul ara,
O qədər səbəb var küsməyə bizdən.
Aldı gözümüzün odunu kim bəs,
Arada alışıb-sönməyimiz var.
Dizdə təpər yoxdu, ürəkdə həvəs,
Fəqət, o yerlərə dönməyimiz var...