Məmməd  Qədir - Oynayıram.

Ədəbiyyat 11:42 / 02.06.2026 Baxış sayı: 363

 

Zirvədən yıxılmışam,

Ətəkdə oynayıram.

Bir çiçəyin havasın,

Pətəkdə oynayıram.

 

Bir ümidin üçündə,

Bir güllənin suçunda,

Bir lülənin ucunda,

Tətikdə oynayıram.

 

Mən dərdi bilən oldum,

Dərdindən ölən oldum,

Qıvrılıb ilan oldum,

Tütəkdə oynayıram.

 

Nə ucaydım, nə nəhəng...

Kəsib doğradı fələk,

Çıxıb təzə pöhrə tək,

Kötükdə oynayıram.