Adilə Nəzər - İlahi, bahar ömürlər
Ədəbiyyat
11:50 / 03.06.2026
Baxış sayı: 341
* * *
İlahi, bahar ömürlər,
Vaxtsız solmasın, solmasın.
Qorxu, təlaş gözümüzə
Belə dolmasın, dolmasın.
Boş qalmasın bir qucaq da,
Sönməsin heç bir ocaq da,
Dünya, bu dayanacaqda
Yolçun olmasın, olmasın.
Düşməsin mərd namərd dizə,
Gəlməsin yaxşı pis gözə.
Mələklər ağlayıb bizə,
Şeytan gülməsin, gülməsin.
Pislərdən heyif almadan,
Yaxşılar qalib olmadan,
Nahaqqı yola salmadan
Haqlı ölməsin, ölməsin.