Ağaevli Əli Hacı - TUTMUR

Ədəbiyyat 09:31 / 03.06.2026 Baxış sayı: 391

Ruhuma düşməndi bədən,

Bu sağ əlim,solu tutmur !

Odla,suyla yol gedirəm

Adamlarla yolum tutmur !

 

Yaxına dur,məni ovut

Gülüm,ya da məni unut !

Göylər yağır bulud-bulud,

Mən,tərəfi dolu tutmur !

 

Ah çəkməyib anam boşa,

Min istəyi dəyib daşa !

Bu,dünyaya gəldik qoşa,

Sevinc gəlib qolum tutmur !

 

Qəmə oyna,döz,oyundu,

Qələm,kağız,söz-oyundu !

Ölüm-Fələyin oynudu,

Ölümlə də olum tutmur !