Kəmaləddin Qədim - DİPDİRİDİ MƏZAR MƏNDƏ...
Çərxindən dönübmü fələk,
gəlib eylər güzar məndə?
Necə meydan sulamaqda,
gör necə işgüzar məndə...
Gələn qaçqın, köçkün gələr,
Solğun gələr, keşkin gələr.
Aradabir xoş gün gələr
itər məndə, azar məndə...
Hər birinə yer başqadı,
Aşkar başqa, sir başqadı.
Çəkilməkdə bir başqadı
bu dərd məndə, azar məndə...
Bu həvəsdi-yol ver elə,
Bu nəfəsdi-al, ver elə.
Bu da bir cür alver elə,
bu da bir cür bazar məndə...
Boğazında ip-diriyəm,
Mən də belə tip diriyəm.
Ölməmişəm, dipdiriyəm,
dipdiridi məzar məndə...