Sabir  Abdin - O, HƏMİŞƏ TƏLƏSİRDİ

 

YAZARLAR 10:06 / 22.10.2026 Baxış sayı: 130

 

(Şair dostum İsmayıl İmanzadənin əziz xatirəsinə)

 

İsmayıl müəllimi mən çoxdan tanıyırdım. Əvvəlcə imzasını tanımışam, sonra da özünü. Onunla ilk tanışlığımız Mingəçevir şəhərində olub. 2000-ci ilin sonlarında Mingəçevir şəhər prokurorunun müavini təyin edilmişdim. Şəhər tədbirlərində onunla tez-tez görüşürdük. Mən onu çox alicənab, zəhmətkeş, əsl ziyalı və istedadlı bir şair kimi tanıdım və tez bir zamanda aramızda dostluq əlaqələri yarandı.

1993-cü ildə Cəbrayıl rayonunun işğalından sonra minlərlə soydaşımız kimi, o da doğmayurdundan didərgin düşmüş,Mingəçevirəpənah gətirmişdi.
Uzun illər idi ki, Mingəçevir şəhərində məskunlaşan İsmayıl müəllim bir müddət Mingəçevir Şəhər İcra Hakimiyyətinin orqanı olan “Səda” qəzetində baş redaktorun müavini, “Mingəçevir” qəzetində redaktor işləyib. 1999-cu ildən isə Yazıçılar Birliyi Mingəçevir bölməsinin sədri, “Bənövşə” ədəbi-bədii dərgisinin təsisçisi və baş redakoru olub. O
nun 30-a yaxın kitabı və çoxlu publisistik yazıları işıq üzü görüb.

İsmayıl müəllim Yazıçılar Birliyinin Mingəçevir bölməsində vaxtaşırı ədəbi-bədii tədbirlər keçirər, bəzən Bakıdan və digər bölgələrdən də qələm adamlarını həmin tədbirlərə dəvət edərdi.İsmayıl müəllim bu ədəbiyyat ocağına çox istedadlı qələm adamlarını cəlb etmişdi. Ayrıca məkanları da var idi. Orada tez-tez kitab təqdimatları, ədəbi müzakirələr,şair və yazıçılarla görüşlər keçirilərdi. Qısa bir zamanda mən də onların sıralarına qatıldım və 2002-ci ildə məhz İsmayıl müəllimin tövsiyəsi ilə mənim “Mənə dəniz verin” şeirlər kitabım çap olundu. Həmin kitabın redaktoru da məhz İsmayıl müəllim idi.

Mingəçevir şəhərində işlədiyim və yaşadığım 4 ilə yaxın müddətdə İsmayıl müəllimlə vaxtaşırı görüşər və söhbətlərimizin əsas mövzusu, əsasən ədəbiyyatdan, poeziyadan olardı. O, çox maraqlı həmsöhbət idi. Onunla söhbətlərimizdən heç vaxt yorulmazdım və darıxmazdım. Bir-birimizə şeirlər də həsr etmişdik, mən onun bir şeir kitabına ön söz də yazmışdım.

Sonradan, yəni 2004-cü ilin iyun ayından mən fəaliyyətimi rayon prokuroru kimi Füzuli rayonunda davam etdirməli oldum. Ora təyinat almağıma ən çox sevinənlərdən biri də  İsmayıl müəllim idi.  Həmişə deyirdi ki, işğal altında olan doğma Cəbrayılımın lap yaxınlığındasan, oralardan muğayat ol, qoyma o torpaqları xiffət çəkməyə. Arada Horadiz şəhərinə gələr və mənim qonağım olardı. Hər gəlişində də onunla Haramı düzünə qalxar və birlikdə onun işğalda olan dədə-baba yurdunu uzaqdan da olsa seyr edərdik. Həmin vaxtlar onun necə də haldanhala düşməsini sözlə ifadə etmək çox çətindir. Ancaq o zamanlar hər ikimiz də tam əmin idik ki, tezliklə işğal altında olan torpaqlarımız, o cümlədən Cəbrayıl elimiz də düşmən işğalından azad ediləcək. Onun Vətən sevgisi, işğalda qalan yurd yerlərimizin ağrı-acıları və torpaq həsrəti ilə bağlı xeyli şeirləri və publisistik yazıları var idi.

2006-cı ilin baharında İsmayıl müəllimin növbəti “Gedirəm üzü payıza” şeirlər kitabı çap olunmuşdu. Yadımdadır, həmin kitabı o, şəxsən özü mübarək avtoqrafı ilə həmin ilin 21 martında Horadizdə, xidməti otağımda mənə təqdim etdi. Onun yeni kitabının işıq üzü görməsinə çox sevindim.  Mənə həsr etdiyi “Sənə atılan daş” şeiri də həmin kitabda çap olunmuşdu. Həmin gün xeyli söhbətləşib dərdləşdik.

Mən həmin kitabı həvəslə oxudum və  çox təsirləndim. Elə həmin ilin payızında İsmayıl müəllimə “Tələsmə üzü payıza” adlı bir şeir yazdım və ona göndərdim. Bu şeirdə İsmayıl müəllimin yurd – yuva həsrətinə, ağrı və acılarına toxunmuşdum. Həmin şeiri o çox bəyənmişdi.

 

 

TƏLƏSMƏ ÜZÜ PAYIZA

 

(“Gedirəm üzü payıza” kitabının müəllifi şair dostum İsmayıl İmanzadəyə)

 

 

Niyə tələsirsən üzü payıza?

Payız çiçəklərin hələ açmayıb.

Şirin arzuların qalıb gözündə,

İsti yuvasından hələ uçmayıb.

 

Niyə tələsirsən üzü payıza?

Şair ürəyindən hər payız keçər.

Payız arzuların hələ yol gəlir,

Bahar gözlərinə hər payız köçər.

 

Niyə tələsirsən üzü payıza?

Arazın suları yenə də lildir.

Əkdiyin ağaclar, güllər, çiçəklər

Yolunu gözləyir gör neçə ildir.

 

Niyə tələsirsən üzü payıza?

Düşmən əlindədir evin – eşiyin.

Səndən uzaqlarda qalıb Cəbrayıl,

Yolunu gözləyir doğma beşiyin.

 

Tələsmə, sən allah, üzü payıza?

Gəl gedək, o yurda qoşa, şairim!

Göylərin üzünə söykə üzünü,

Yaşa məhəbbətlə, yaşa şairim.

 

2006.

 

Mən Bakıda yaşadığım illərdə də onunla həmişə görüşlərimiz və telefon danışıqlarımız olub. Həmişə də bir-birimizin yaradıcılığı ilə maraqlanmışıq. O, vaxtaşırı Mingəçevirdə çap olunan qəzet və yurnallarda, almanaxlarda xəbərim olmadan mənim şeirlərimi çap etdirərdi. Çap olunmuş hər bir kitabım barədə yazılar yazardı.

İsmayıl müəlim 20 iyun 2026-cı ildə, ömrünün 81-ci ilində uzun sürən xəstəlikdən vəfatetdi. Böyük hörmət və ehtiramla Mingəçevir şəhərində dəfn edildi.Bu acı xəbərdən mən günlərlə özümə gələ bilmədim. Ölümündən bir neçə gün qabaq onunla telefonla danışığımız olmuşdu. Kef - əhvaldan sonra mənə tezliklə sağalacağını və birlikdə Böyük Mərcanlı kəndinə səfər edəcəyimizi bildirdi.

İsmayıl müəllim təkcə istedadlı ədib deyil, həm də fədakar ziyalı, qayğıkeş rəhbər idi. Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsinin sədri kimi gənc istedadların üzə çıxarılmasına, ədəbiyyatımızın inkişafına və ictimaiyyət arasında layiqincə təmsil olunmasına böyük əmək sərf etmiş, həmişə qələm əhlinin yanında olmuşdu.

Köçkünlük həyatı onun taleyinin ən ağrılı səhifəsinə çevrilmişdi. İllərlə qəlbində gəzdirdiyi nisgil, həsrət və qayıdış arzusu yazılarında, şeirlərində öz əksini tapırdı. O, işğal altındakı torpaqların ağrısını yaşayan, bu ağrını sözə çevirən istedadlı qələm sahiblərindən idi. Onun ən böyük arzusu doğma Cəbrayıla - Böyük Mərcanlı kəndinə qayıdaraq ömrünün son illərini ata-baba yurdunda keçirmək idi.

İkinci Qarabağ müharibəsindəki Zəfərdən sonra onun şeirlərinə nikbin ruh, qürur dolu misralar, doğma yurda qayıtmaq hissləri əlavə olunmuşdu. 1993-cü ildə doğma yurdu tərk edərkən evinin açarlarını da özü ilə götürən şair, onu əziz bir xatirə kimi saxlayırdı.

Tanınmış söz ustadı və böyük ziyalımız İsmayıl müəllimin əziz xatirəsi onu tanıyanların xatirəsində, ədəbiyyat tarixində əbədi yaşayacaq.

...O,  həmişə tələsirdi. Yenidən ata-baba ocağına dönmək, hər daşını, qayasını, kol-kosunu yaddaşına həkk etdiyi Böyük Mərcanlı kəndində çıraq yandırmağa tələsirdi.Orada birdəfəlik yaşamağa tələsirdi. Yeni yeni kitablarının işıq üzü görməsinə, hələ yazılmamış yazılarını yazmağa tələsirdi. Ölümünün üzünə, özünə də tələsdi İsmayıl müəllim.

Ruhun şad olsun, əziz dost!

İsmayıl müəllimə həsr etdiyim “Tələsmə üzü payıza” adlı şeirimi sizlərlə bölüşməyimi özümə borc bilirəm.

              

               29.08.2026.