Firidun Agazadə : -Yarpağı beşbarmaq çinar
Bu gün onun doğum günüdür.
***
Bakı hava limanının
Böyründəcə bir bağım var.
İki çinar da əkmişəm –
Yarpağı beşbarmaq çinar.
Qonşu Əşrəf söylədi ki,
Şair, meyvə ağacı ək.
Hərdən təşrif buyuranda
Gəlib əncir, üzüm yeyək.
Xəlil Rza göz elədi:
“Bazarda hər cür meyvə var.
Sən burda iki çinar ək,
Yarpağı beşbarmaq çinar.
Şairin bağında çinar olar –
Yarpağı beşbarmaq çinar.
Abşeronun bürküsündə
Hər yarpağı qaymaq çinar”.
Mənim xəyal şahpərimdir,
O gündən bu iki çinar.
Sağlığına meyvəm də var,
Ağadayı meynəm də var.
Budur həmin şümşad boylu
İki qoşa, parlaq çinar.
Xəlil Rza əmanəti –
Yarpağı beşbarmaq çinar.
Xəzərdən qalxan dumanlar,
Hərdən başından sürünər.
Təpəsinə çıxmaq olsa,
Bütün Abşeron görünər.
Şərqin-Qərbin uçaqları
Keçir o yana-bu yana,
Mənim çinarlarım üstdən
Enir Bakı limanına.
Xəzrilərə sinə gərən
Möcüzə, çilçıraq çinar.
Xəlil Rzadan yadigar
Yarpağı beşbarmaq çinar