Sabir Rüstəmxanlı - Məktəbin öz tələbləri var və uşaqlar həmin qaydalara uyğun geyinməlidirlər.
Sabir Rüstəmxanlı: “Azərbaycanda dinə münasibət, məncə, çox yüksək səviyyədədir. Xalqımız sovet dövründə dinə qarşı qadağaların tətbiq edildiyi, məscidlərin dağıdıldığı mərhələlərdən keçsə də, öz inancını və əqidəsini qoruyub saxlayıb. Bundan sonra da qoruyub saxlayacaq. Bizim cəmiyyətimizdə baş örtüyü həmişə olub. Analarımız, nənələrimiz kəlağayı örtüb, şal bağlayıblar. İnsanlar həm şəhərlərdə, həm də kəndlərdə öz ənənələrinə uyğun geyiniblər və bu, heç vaxt narahatlıq doğurmayıb.
Hicab məsələsi son illərdə bir sıra xarici ölkələrin siyasi təsir vasitəsi kimi geniş müzakirə mövzusuna çevrilib. Amma bunun məktəbdə uşaqların vahid formada təhsil almasına nə aidiyyəti var? Bunlar ayrı-ayrı məsələlərdir və onları bir-birinə qarışdırmağa ehtiyac yoxdur. Mən məktəbli qızların hicab taxmasını tələb edən bəzi valideynlərin narazılığını da başa düşə bilmirəm. Həmin valideynlərin bir çoxu öz gənclik illərində belə geyimdən istifadə etməyib. Öz gənclik şəkillərinə baxsalar, bunu görə bilərlər.
Məktəbin öz tələbləri var və uşaqlar həmin qaydalara uyğun geyinməlidirlər. Məktəbdən kənarda isə hər kəs öz dini inancını və geyim ənənəsini davam etdirə bilər. Mənim arzum odur ki, bütün uşaqlarımız məktəbdə bir-birinə hörmətlə yanaşaraq, ayrı-seçkilik olmadan, dostluq və qardaşlıq mühitində böyüsünlər”