Sədaqət Kərimova- SÖZ QILINCI
Dünən bir məclisdə bir sağlıq dedim,
Mənası beləydi: "Qurani-Kərim"
Dörd şeyi kişiyə günah buyurur,
Sözləri qiymətli, mənası dərin.
Qədrini bilməsən ata-ananın,
Əgər tay tutmasan o tək Allaha,
Layiqli dəfn edib, xatırlamasan,
O zaman batarsan böyük günaha.
Alçaldıb, özünə dəyər verməyib,
Ömür yoldaşını peşiman etsən,
Çəkilər evindən ruzi, bərəkət,
Yaxşısı, o evdən vaxtında get sən.
Övlad qayğısını çəkəsən gərək,
Böyüyüb ərsəyə çatana qədər.
Bu borcu ödəyə bilməyən kəsi
Qisməti ürəkdən pərişan edər.
Bir də, qəlbindəki vətən sevgisi
Bitib-tükənməsin heç vaxt, heç zaman.
Evinin qədrini nə bilsin axı
Elinə, yurdana xor baxan insan?
Hər kəs ömrü boyu bu dörd borc üçün
Əlləşib, vuruşub çarpışmalıdır.
Onun ürəyində bu dörd diləyin
Ocağı əbədi alışmalıdır.
İstərdim səsimi eşitsin hamı,
Yan keçsin bu böyük günahlar bizdən.
İnsanlıq borcunu verə bilək ki,
El-oba içində düşməyək gözdən.
...Kiminsə xətrinə dəydi sözlərim,
Deyəsən bilmədən düşdüm hədəfə.
Bir yaxın qohumum dartıb özünü
Baxmaq da istəmir tay mən tərəfə.
Başqa bir tanışım öz pərtliyini
Gizlətmək istəyir, mənə söz atıb.
Onun bu halını sezməmək olmur,
Yəqin ki, hansısa günaha batıb.
Qısası, o gecə dediyim sözlər
Kiməsə qəfildən daş kimi dəydi.
Neçəsi incidi, neçəsi küsdü,
Onların bu halı nə qəribəydi.
Düz söz acı olur, budur həqiqət,
Elə bil məclisdə bir rüzgar əsdi.
Neçəsi eybini gördü təzədən,
Mənim söz qılıncım nə yaman kəsdi!