Rafiq ODAY - AĞLAYAN OLMAZ
Bel bağlama gümanına,
Qar göndərməz umanına.
Hamı ağlar dumanına,
Çəninə ağlayan olmaz.
Bitdi artıq qilü-qalın,
Sözə yatmır vəsfi-halın.
Ağ üzdəki qara xalın
Gününə ağlayan olmaz.
Baxma Nuhun zamanına,
Dönməz gəmin limanına.
Əldən gedən imanına,
Dininə ağlayan olmaz.
Can qançırdı - çimdikdəki,
Əyilmə, dur dimdik təki...
Qərib quşun dimdikdəki
Dəninə ağlayan olmaz.
Kim uysa ömür - sələmə,
Hər gün tuş olar ələmə.
Deyirsən ölüb-eləmə, -
Yəni nə? Ağlayan olmaz?!
27.11.2026