NİYƏ SUSURSAN, A DAŞ, SƏN -  Şakir  Xanhüseyinli

Ədəbiyyat 12:21 / 27.11.2026 Baxış sayı: 733

 

Nə düşünürsən, a daş, sən,

qardaşsan, niyə susmusan?

Ya bəlkə də sərtliyinə

haradasa uduzmusan?

 

Donub qalmısan yerində ,

nə olar "qaynayıb-daşsan"...

Bil ki, bir başa düşməzsən,

daşlığını başa düşsən...

Yəni susmaq lallıqdımı?

fərq etməz ki, gündüz, gecə;

Bərkliyin çox sıxılmaqdan-

daşa döndün bərkidikcə...

Hiss etdirmə susamısan,

acımazlar susayana;

Hamı dönər su satana,

ya da ki, su qurudana...

Yaxşı, susayan susayır

tək elə suyamı, adam?

Bəzən lap yandığım yerdə

mən oda da susayıram...

Təkcə suyla böyüyən o

ağaca bax, qurumaqda;

Anlaşılmır su içində

ola-ola qurumaq da...

Çaylar axır hay-həşirlə,

dənizə çatdımı susur;

Sular da bir içim suya

susayır, bir ağlına vur...

Susayanlar, sıxılanlar

dözür, qara daşa dönür;

Baxırsan ki, birisinin

sinəsində daş döyünür...

Əgər bir gün dilə gəlib

daş da desə ürəyim var,

Ona bir sığal çəkməsən,

diqqətsizlik sanıb sınar...

Daşlarla bir, bir sırada,

təklənməkdən qorxma daha;

Ay ürəyim, dözümlüsən?

o zaman daşa dönmə ha.