Rafail Inceyurd Ismayilov - O köhnə kişilər hanı? Fikirləş...

Ədəbiyyat 13:14 / 27.11.2026 Baxış sayı: 772

***

O köhnə kişilər hanı? Fikirləş,

Sona nə qaldı ki, sonu fikirləş.

Orda nə gözləyir, onu fikirləş,

Çarəsiz dünənlər dalda heçnədi.

 

Qaydadı, qaralar ağda bəllənər,

Bərəkət nəğməsi tağda bəllənər.

Qıy vuran qartallar dağda bəllənər –

Dərədə-təpədə, kolda heçnədi.

 

Əbədi səadət varmı? -Siz deyin,

Ya susun, ya da ki, nə var düz deyin.

Sağda aradığın, sağda gəzdiyin

Qarşına çıxırsa solda, heçnədi.

 

Gözəldi sevginin gözü toxdusa,

Şitəngi ünsiyyət tasadır, tasa.

Eşq ilə öpməyə həvəs yoxdusa

Dodağı bəzəyən xal da heçnədi.

Üstündə yoxdusa ərlər-ərənlər,

Yoxdusa “dost”- deyib, salam verənlər,

Yoxdusa özündə səni görənlər

Getdiyin cığır da, yol da heçnədi.

Adam, yaxşılığa etməsən adət,

İçində yoxdusa gerçəyə rəğbət,

Yeddi yox, gündə lap on yeddi rükət

İbadət namazı qıl da, heçnədi.

Sirat körpüsündən yoxdu qayıdan,

Yolu rəvan olur son köçün hər an.

Əzrail gəldisə, acizdi loğman,

Şöhrət də heçnədi, pul da heçnədi.

Bu xilqət hələ də oxuyur xorda,

O milyon dediyin xırdadı, xırda...

Fələyin yazısı qalır axırda,

Sən çəkən imza da, qol da heçnədi.

Gərək həqiqəti deyəsən kəsə -

Əylənib dinləyən anlasın nəsə.

Ürək istəyəni ruh bəyənməsə,

Axtar da, ara da, bul da,- heçnədi..