Səhər  Əhməd - Son baharın son ayı gəldi, dost,

Ədəbiyyat 12:52 / 27.11.2026 Baxış sayı: 797

Son baharın son ayı gəldi, dost,

Bax, yenə də yağışlar göz yaşına bənzəyir.

Sən ki bilirsən,

Son baharın son ayını sevmirəm,

Göy üzü anamın gözləritək nəmli,

Mənsə qanadından vurulmuş kimiyəm,

Düşmüş, sınmış, qırılmış kimiyəm,

Küsmüş, incimiş, darılmış kimiyəm...

İndi uzaqdan

İşıqları süzülən o şəhərdə

Səndən başqa heç kimim yox yenə də,

Gedib qapını döymək keçir ürəyimdən,

Qapın üzün kimi doğma,

Mənsə hələ ərköyün və dəliyəm,

Naxoş, sərxoş, qovulmuş kimiyəm,

Acmış, susamış, yorulmuş kimiyəm...

Bəlkə payızdan deyil,

Yağışdan da deyil heç.

Elə-belə - durduğum yerdə kədərliyəm,

Yadında varmı, dost?

Mənə bir az özümdən danış,

Nəsə hər şeyi unutmuş kimiyəm,

Bitmiş, tükənmiş, uduzmuş kimiyəm,

Ağlamış, ovunmuş, susmuş kimiyəm