Şakir  Xanhüseyinli -  QARDAŞ ÇİYNİ

 

Ədəbiyyat 15:21 / 28.11.2026 Baxış sayı: 851

QARDAŞ ÇİYNİ

Bir sözün, fikrin sanki çiyin verməkdi

bir ağır yükə;

sözdən nə çiyin deyib

dodaq büzmə,

bəs nə,

adicə salam-sağolun da

çiyin ola biləcək bir yanı var,

əgər bilsən...

Yol gedirsən,

kiminsə əlindən tutub keçirirsən yolun

o üzünə,

ona əl uzatmağın

onun yükü altına çiynini verməkdi, bil,

bu, yalan deyil...

Bir dərdə şərik olmaq

birinin dərdini yüngülləşdirməkdi,

hesab et ki,

onun dərdindən alıb

qoyursan öz dərdlərinin üstünə

və çiyin vermiş olursan ağır yükünə,

soruşmadan, ay filankəs, yükün nə...

Hə, qardaş çiynidi azca köməyin,

üzə gülməyin,

salamın, bir sözün,

hətta mehribancasına baxan gözün;

nə gözəldi

bir üzdən yox etmək qəm kölgəsini,

qaytarmaq bir kəsə

həyat dolu səsini!..