Fariz Süleymanoğlu  - YAZ  HAVASI

Ədəbiyyat 16:26 / 28.11.2026 Baxış sayı: 1120

 

 

Gur saçı sovrulardı,

Üzümdə qıvrılardı,

Ürəyim qovrulardı,

Onda bir naz havası.

 

Gözlər gözü gəzərdi,

Məhəbbətlə süzərdi,

Bilmədik, bədnəzərdi?

Gəldi “ayaz havası”.

 

Bu xəzan hardan əsdi?

Çiçəyə xardan əsdi,

Heyif ki, yardan əsdi

Qəmli hicaz havası.

 

Qəlb büründü qaraya,

Dil duz basdı yaraya,

Fələk çəkdi araya

Sonda “Araz havası”.

 

Şəkillər qabağımda,

Yaş donub yanağımda,

Çalınır qulağımda

Bir yanıq saz havası.

 

Qərib, anıram yenə,

Hərdən yanıram yenə,

Rəhmətlik nənəm mənə

Deyərdi: “yaz havası”.