Əziz uşaq və gənclər, dəyərli valideynlər...
Əziz uşaq və gənclər, dəyərli valideynlər,
Məktəblərdə geyim qaydaları və baş örtüyü ilə bağlı son günlər baş verən hadisələr təəssüf ki, artıq sadə bir geyim məsələsi olmaqdan çıxıb. Bəzi məktəblərdə valideynlərin məktəb binasına basqın etməsi, pəncərələri sındırması və gərginlik yaratması qəbulolunmazdır. Məktəb elm, tərbiyə və təhlükəsizlik ocağıdır.
Məsələnin görünən və görünməyən tərəfləri var. Bəlkə də, biz görünməz düşmənlərin idarə etdiyi ideoloji bir müharibə ilə üz-üzəyik. Xarici təsir dairələri cəmiyyəti daxildən bölmək və insanları qarşı-qarşıya gətirmək üçün bu həssas mövzulardan istifadə edirlər.
Belə bir məqamda hər birimiz dövlətin qoyduğu qanunlara və məktəb qaydalarına tam riayət etməliyik. Heç bir güzəşt olmadan dövlətimizin aldığı qərarları qəbul etmək və təmkinli olmaq vacibdir. Qanunlara riayət etmək milli təhlükəsizliyimizin və birliyimizin təminatıdır.
Unutmayaq ki, bu qanunlar və məktəb qaydaları heç kimin inancını, Allah sevgisini və ibadət etmək azadlığını əlindən almır; sadəcə məktəbin dünyəvi nizamını və ümumi təhlükəsizliyi qoruyur.
İctimai Birliyin rəhbəri və bir ziyalı kimi hər kəsi, xüsusən də valideynlərimizi soyuqqanlı olmağa, təxribatlara uymamağa və dövlətin qanunlarına tam əməl etməyə çağırıram.
İdeoloji müharibədə ən böyük gücümüz birliyimiz və dövlətimizə olan inamımızdır. Eynən Zəfər qazandığımız 44 günlük müharibədə olduğu kimi.
"Kitab Evi" İctimai Birliyinin sədri,
Adilə Nəzərova