Şahverən Cavad - Köç edir
Bəlkə"ol"sözünün mənası eşqdir,
Dünyanı eşqilə yaratdı Allah?
Tamahdan qovuldu cənnətdən Adəm-
Qoşa yaranıbmış insanla tamah?
Zaman hər bir zatın məhək daşıdır-
Köksüzün doğması,qəlbi,"qanı" yox.
Kökdən gəlir,axı,yaxşılıq,pislik-
Köksüz bic doğulur-Yaradanı yox.
Hər yolun kökündə çığır dayanır,
Arxlar çaya dönüb-çağlayıbdılar.
Kökündən narazı-qısır söyüdlər
Barsızlıqdan hər gün ağlayıbdılar.
Ömür hər insanın alın yazısı-
Yazını bitirib köç edir hər kəs.
Birinin ömrünə Günəş sığışır,
Milyon ömürlərdən heç gün də keçməz .
Kökünə qayıdır dünyada hər şey ,
Göylər quş saxlamaz, dənizlər ölü.
Zaman ömrümüzün kökünü qazır-
Vaxtın Əzrayıldan uzundur əli.
Türkiyə,Samsun şəhəri
26 . 11 . 2026