Saqif  Qaratorpaq  - Bir  gecə gəl...

Ədəbiyyat 10:46 / 22.10.2026 Baxış sayı: 473

***

Bir gecə gəl,

qollarım yuvan olsun,

Təkcə sən gerçək ol,

nə varsa yalan olsun.

Kirpiklərinin kölgəsində yatım,

Ətrinə batım,

sonra nə olur olsun!

Murada çatım,

sonra nə olur olsun!

​Doğranım tikə-tikə,

çəkilim dara,

Köksümə vur yara,

sonra nə olur olsun!

Qanım axsın, dinmərəm!

Canım çıxsın, dönmərəm!

​Nəfəsində əriyim, itim,

Sinəndə qönçələnib,

ürəyində bitim,

Sonra nə olur olsun!

Tanrı özü kəssin cəzamı,

Oxuyum son duamı,

sonra nə olur olsun!

​Yolunda ölmək gözəl!

Ya özün gəl bu gecə,

ya mən gəlim,

Qoynunda ölüm,

sonra nə olur olsun!