Əlizadə Nuri - Tik

Ədəbiyyat 13:07 / 22.10.2026 Baxış sayı: 300

 

Tap itkin əzaları, tapa bilsən canı tik,

Bu xaraba dünyada bir eşq xanimanı tik.

 

Günəş də girə bilmir, yerin altı üşüyür-

Hər məzarın əyninə bir isti insanı tik.

 

Düz danışdım, du Divan vurdu mən divanəni

Ya Divana divan tut, ya bu dil- lisanı tik.

 

Qaçır öz çadırından qara könül adamlar-

Adamların üstünə mübarək imzanı tik...

 

Hara baxsan bazardı, sevənlərin yeri yox,

Bir yerə yığ onları, bir sevgi ünvanı tik.

 

Neçə sevda üşüyür ayrılıq çöllərində,

O Məcnunun baxtına çağır o Leylanı tik.

 

İlahi, Əlizadənin göylərdə gözü varmış-

Göy üzünün canına apar bu heyranı tik..