SAbir Zəkullaoğlu - Sənət və şəxsiyyət bir-birindən ayrı düşməməlidir.

YAZARLAR 17:05 / 14.02.2026 Baxış sayı: 412

Son vaxtlar müğənnilərin qalma-qallı videoları ilə çox rastlaşıram.

Çox iyrəncdir. Davranışları da oxumaqlarına adekvatdır. Müğənniləri oxuyarkən dinləmək, danışmaq üçün ağızlarını açana qədərdir.

Müğənninin ən optimal qiymətini dinləyici verə bilər: bu onların bir-birlərini tərifləməsilə olmur.

Əksəriyyəti özündən razı, mənəvi cəhətdən kasıb, mədəniyyətdən qısıq adamlardır. Görünür, düşüncə tərzləri və həyata baxışları çox dar çərçivədədir, yalnız maddiyyata fokuslanıblar.

Onların ən yaxşı bacardıqları fonaqram oxumaqdır. Gərək danışmağa şans verməyəsən : danışdıqca batırlar, olan-qalan auditoriyalarını da itirirlər.

Məsələn, mən yekə-yekə danışan müğənniləri qətiyyən dinləmirəm. Özümdən asılı deyil. Yekə danışan adam artıq ilk eqo dolu danışığında mənim qulağımla onun səsi arasındakı münasibəti bitirir.

Ədəbiyyat da belədir. Ən böyük tənqidçi məhz oxucudur. Ümumiyyətlə, ədəbiyyatda tənqidçi nə deməkdir? Bu, inzibati amirlik prinsipidir. Sovetdən qalma bir ünsürdür. Yaradıcı insanları idarə etmək, özünə tabe etmək, onların yaradıcılığını kısıtlamaq, məhdudlaşdırmaq, istədikləri vaxt tənqid edib çərçivəyə salmaq prinsipi.

Yaradıcı insanı heç bir tənqid və ya tərif yönləndirə bilməz. Yaradıcı insan sifarişlə nə yaratsa, o natamam, "altı aylıq" olacaq. Təəssüflər olsun ki, şəxsiyyətlə sənət həmişə ansambl təşkil etmir.

Vay o günə ki, sənətin bir şey olmaya, üstəlik ağzını açanda şəxsiyyətini də özün faş edəsən.

Həqiqi yaradıcılıq sərbəstlik tələb edir.

Hər kəs yalnız öz dinləyicisinin və oxucusunun qiymətinə görə ölçülür.

Sonda, sənət və şəxsiyyət bir-birindən ayrı düşməməlidir.