“Qubanamə”-nin təqdimatı oldu 

MƏDƏNİYYƏT 13:39 / 13.02.2026 Baxış sayı: 387

Fevralın 12-də Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda görkəmli şair və tarixçi alim, tarix elmləri doktoru, professor Şahin Fazilin “Qubanamə” kitabının təqdimatı keçirildi. Görüşü giriş sözüylə İnstitutun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, dosent İlqar Niftəliyev açaraq Şahin Fazilin elmi və ədəbi fəaliyyətindən bəhs etdi. İlqar Niftəliyev vurğuladı ki, Şahin Fazil Azərbaycan tarixşünaslığında öz dəst-xəti ilə seçilən alimdir. Onun tədqiqatları faktlara söykənməklə yanaşı, milli düşüncə və vətənpərvərlik ruhundadır. “Qubanamə” xalqın yaddaşını, keçmişini və mənəvi dəyərlərini yaşadan ədəbi salnamədir,müəllif tarixlə poeziyanı ustalıqla birləşdirərək oxucunu həm düşündürür, həm də duyğulandırır.

Tədbirdə Şahin Fazilin həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olundu.

Təqdimatda mən “Min illərin Şahin Fazili” mövzusunda çıxış edərək müəllifin poeziyasındakı dərinlikdən və zamanlararası körpü yaradan yaradıcılıq gücündən danışdım və qeyd etdim ki, Şahin Fazilin sözü keçmişlə bu günü birləşdirən mənəvi bağdır

AMEA Nəsimi adına Dilçilik İnstitutun direktoru,filologiya elmləri doktoru, professor Nadir Məmmədli bildirdi li, onlarla tarixi, elmi, bədii əsərin, monoqrafiyanın müəllifi olan Şahin Fazilin otuzdan artıq şeir və tərcümə kitabı, beş “Divan”ı var. O, alim-şairin “Quba tarixi” əsəriylə doğulduğu bölgənin tarixi salnaməsini yaratdığını və bu xəzinəyə “Qubanamə” əsərini də əlavə etdiyini xüsusi olaraq qeyd etdi.

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, tarix elmləri doktoru, professor Eynulla Mədətli “Şahin Fazilin şeirlərində Ramiz Qusarçaylı fenomeni” mövzusunda maraqlı təhlillər apararaq poeziyada qarşılıqlı təsir və ədəbi mühitin rolundan bəhs etdi.

Tarix elmləri doktoru, dosent Vaqif Abışov “Şahin Fazilin tədqiqatlarında tarixi mövzular” adlı çıxışında müəllifin elmi araşdırmalarının əhəmiyyətini vurğuladı, tarixi mənbələrə yanaşma üslubunu yüksək qiymətləndiirdi.

Tarix üzrə fəlsəfə doktoru, dosent Fərəh Hüseyn isə “Vətənə vurğun Şahin Fazil” mövzusunda çıxış edərək müəllifin yaradıcılığında vətən sevgisinin aparıcı xətt olduğunu bildirdi.

Əməkdar jurnalist İsrafil Qurbanov və başqaları Şahin Fazillə bağlı xatirələrini bölüşmüş, onun gözəl ziyalı, ləyaqətli ağsaqqal, etibarlı dost olduğunu qeyd etdilər.

Şair-qəzəlxan Əli Ələmi Şahin Fazilin xatirəsinə həsr etdiyi şeirini oxudu.

Sonda Ülviyyə Şahin qızı “Quba sözlə yazıldı-Qubanamə” mövzusunda çıxış edərək atasının yaradıcılığı haqqında fikirlərini bölüşdü. O bildirdi ki, “Qubanamə” yalnız ədəbi əsər deyil, həm də mənəvi borcun, torpağa bağlılığın ifadəsidir. Ülviyyə Şahin qızı atasının elmi və ədəbi irsinin gələcək nəsillər üçün dəyərli bir xəzinə olduğunu vurğuladı və tədbirin təşkilinə görə Tarix və Etnologiya İnstitutunun rəhbərliyinə təşəkkürünü bildirdi.