KÖVRƏK QƏLBLƏRİ OVSUNLAYAN ŞEİRLƏR

YAZARLAR 21:13 / 12.02.2026 Baxış sayı: 302

 

 

Hər bir ailəyə xobəxtlik bəxş edər körpə gəlişi!..

Ürəklərdə nur, dodaqlarda təbəssümə dönər körpə gülüşü!..

Bir mahnı kimi qəlbləri ovsunlayır körpə qığıltısı!..

 

Günlərin bir günündə biz körpələrin dilindən nəğmələr eşidəndə, şeirlər dinlyəndə, nağıllara qulaq asanda fərəhimizdən yerə-göyə sığmırıq. Doğrusu, körpə balalarımızın dilində səslənən şeirlər isə onları bizə daha çox sevdirir, daha çox mehribanlaşdırır.

Gül üzlü övladlarımızın şirin dillərinə yatan, qəlblərinə yol tapan şeirlər yazmaq çox çətin və məsuliyyətli işdir. Bu məsuliyyətin böyüklüyünü həmişə hiss edən xalq şairimiz Səməd Vurğun uşaqlar üçün şeir yazmaqdan söz düşəndə Abdulla Şaiqin adını çəkir, ondan uşaqlar üçün yeni şeir, nağıl, hekayə, pyes yazmağı xahiş  etmələrini söyləyərmiş. Abdulla Şairin yaradıcılığında ana Vətənə, el-obaya bağlılıq, təbiətə vurğunluq, baba-nənələrə məhəbbət, hazırcavablıq, qurub-yaradan insanlara sevgi duyğuları aşılanırdı ki, bu da uşaqların belə şeirlərə həvəslə yanaşmasına səbəb olurdu. Səməd Vurğun “Balalarımız üçün gözəl əsərlər yaradaq”  adlı məqaləsində yazırdı: “...məna gözəlliyininin əsas ruhu insana və təbiətə qarşı məhəbbətdir. Uşaq özü canlı olduğundan, insan və təbiət aşiqidir. Şeir və nəğmələrimiz, hər şeydən əvvəl, təbiət və insan gözəlliyini tərənnüm edərsə, uşağın onlara qarşı meyl və həvəsi çiçəklənər, o, özü də insan olmağı ilə fəxr edər.”  

Məncə, uşaqlar üçün yazıb-yaradan hər kəs çalışmalıdır ki, əsərləri həm  kiçik yaşlı uşaqların həyata baxışının formalaşmasına, ənənəvi-əxlaqi və fərdi-fiziki davranışlarına təsir göstərsin, həm də öz təravətini və aktuallığını qoruyub saxlasın. Bu yaxınlarda bədii yaradıcılığın şərəfli və əzablı yollarında inamla irəliləyən Gülşən Aydınqızının uşaqlar üçün qələmə aldığı şeirləriylə tanış oldum. Bu şeirlərin körpə qəlbləri ovsunlayacağına əmin olduğumdan, onlar haqqında bəzi fikirlərimi bildirməyi məsləhət gördüm. Kiçik yaşlı oxuculara ünvanlanmış həmin şeirlərlə tanış olduqda görürük ki, onların əksəriyyətinin məzmunu yığcam, konkret və aydın, dili sadə və rəvan, fikir bitginliyi və məntiqi olan şeirlərdir. Müəllif mətləbi uzatmadan fikirlərini oxucuya çatdırır, bu da şeirlərin uşaqlar tərəfindən asan qavranılmasına səbəb olur. Mövzuca rəngarəng və quruluşca müxtəlif şeirlərdən ibarət olan “Göyqurşağı” adlı bu kitab “Vətən” şeiri ilə başlanır. Başdan-başa Vətən ətirli misralarla süslənmiş kiçik həcmli bu şeir az yaşlı uşaqlarda doğma Vətənə məhəbbət hissləri aşılayır:

                                Həm çiçəyim, həm gülüm,

                                Həm də gülüstan Vətən!

                                Zəfərin zəfər olsun,

                                Dərdinə qurban Vətən!

 

 Şeirlərlə ilk tanışlıqdan Gülşən xanımın uşaq psixologiyasını dərindən  bildiyi müşahidə olunur. O, sanki uşaqların hər birinin hərəkətini müşahidə edir, izləyir, onlara məxsus olan dünyanın sirrini-sehrini poetik mirsaların gücü ilə açmağa çalışır. Balacaların qavrama, anlama səviyyəsini nəzərə alan şairin qələmində sözlər şirinləşir, şəkərlənir, ürək oxşayan, dilə asan yatan misralara çevrilir: “Əkiz baçımdır Günəş”  şeirində olduğu kimi:

                                   İki əkiz bacıyıq,

                                   Sarıdır tellərimiz.

                                   Mən yerdə, o səmada,

                                   Hey şəfəq saçırıq biz.

 

                                   Göydən mənə baxanda

                                   Gözləri gülümsəyir.

                                   Yolu birgə getsək ,

                                   Hey susur, heç demir.

 

                                  Atam alnımdan öpüb

                                  Deyir: ömrümdür Günəş.

                                 Qaynar qara gözləri

                                 Od-atəşdir, od-atəş.

 

Kitabdakı “Dəcəl sərçələr”, “Tənbəl Məstan” “Eskalator”, “Mehin və arı” “Kosa”, “Təzə balıqlar”, “Yaz” “Gizlənqaç”, “Dəcəl Toplan”, “Dovşanım”, “Kəpənək”, “Bahar”, “Akvarium”, “Tutuquşu” kimi şeirlərdə Vətənimizin gözəlliyi, torpaqlarımızın barı-bərəkəti, flora və faunamızın zənginliyi bədii formada əks olunmuşdur.

                                  Çiçək taxıb döşünə,

                                  Yamaclar yallı gedir.

                                  Bulaqlar şirin-şirin

                                  Nəsə zümzümə edir.

 

                                  Bəzəkli gəlin kimi

                                  Ağacların budağı.

                                  Yavaş-yavaş partlayır

                                  Lilparların dodağı.                (“Yaz”)

 

“Arzu”, “Kamranın tut ağacı”, “Əkiz qızlara”, “Nənə sevgisi”, “Əsma”, “Balaca Mətin”, “Göyqurşağı”, “Polad”, “Anamın hədiyyəsi” kimi şeirlərdə isə baba və nənələrin nəvə sevgisi boy göstərir. Bu sevgi təmiz və qarşılıqlıdır, dağ çayları kimi haylı-haraylı, bulaq suları kimi saf və durudur.

 

                                 O ulduzlu gözlərə

                                 Necə olmuşam heyran.

                                 Könlümü ovsunlayıb

                                 Bir cüt qaragöz ceyran.

 

                                 Durun, gəlin yanıma,

                                 Sizi qoxlayıb, öpüm.

                                 Yasəmən ətrinizi.

                                 Alım, ruhuma səpim.        (“Nənə sevgisi”)

                               

 Kitabdakı şeirlərin bir çoxunda müəllif uşaqları düşünməyə vadar edir, verilən suallara onların  cavab tapmaq qabiliyyətini inkişaf etdirməyə çalışır. Fikrimizcə, “Tapmacalar”, “Qrammatik tapmacalar”, “Fikirləş adını tap…”  bölmələrindəki kiçik həcmli şeir parçaları uşaqların təfəkkür tərzinin və məntiqi düşünmə qabliyyətlərinin inkişaf  etdirilməsində mühüm rol oynayacaq, onların bu tipli  əsərlərə marağını artıracaqdır. Həmin tapmacalardan bəzi nümunələrə baxaq:

 

                               Boynunda var yuyəni,

                               Belində var su çəni.

                               Uca dağlardan aşar,

                               Səhraları dolaşar.                 (əvəd)

                               

                               Saçlarımı dağıdır,

                               Görünmür gözə.

                               Nə əli var, nə dili,

                               Toxunur üzə.

                               Həm çəməndə, həm düzdə

                               Çapır atını.

                               Mən demirəm, siz tapın

                               Onun adını.                        (kəlük)

 

Kitabda uşaqların marağına səbəb olacaq biri-birindən maraqlı 8 (səkkiz) tapmaca yerilmişdir. Onların hamısı əlvan bədii forma və çevik üslubda yazılmış, uşaq ağlı üçün düşündürücü və dərin mənalıdır. Qrammatik tapmacaları isə ixtisasca dil-ədəbiyyat müəllimi olan Gülşən Aydınqızının körpə balalara özəl hədiyyəsi adlandıra bilərik. Demək olar ki, o, çox az şairin müraciət etdiyi mövzuda uşaqlara sadə dildə yazılmış, maraqlı qrammatik tapmacalar təqdim edir:

                                     Mən, sən, o, biz, siz, onlar;

                                     İsmin yerində olar.

                                     O, bu, həmin həmən, –

                                     İşarə edərəm mən.

                                     Bütün, filan eyni:

                                     Adlanarlar təyini.

                                     Çoxlu suallarım var,

       Bəs adımı kim tapar?                (kilzəvə)

 

Qramatik tapmacalarda isim, sifət, say, əvəzlik, zərf, feil və s. nitq hissələri haqqında maraqlı şeir parçaları vardır.

Kitabın sonundakı “Fikirləş, adını tap…” bölməsindəki tapmacalar isə panda, zürafə, yenot, kirpi və başqa heyvanlar haqqındadır.

 

                                     Həm yumşaq, həm tikanlı,

                                     Gözləri qara düymə.

                                     Əlini yaralayar,

                                     Çəkin, sən ona dəymə.

                                     Bütün canlılar kimi,

                                     Balasını oxşayar.

                                     Göbələyi, almanı

                                     Yuvasına daşıyar.

                                     Yamanca iynəlidir,

                                     Geydiyi qalın kürkü.

                                     Təhlükəni tez duyar,

                                     Göyçək, balaca…                    (iprik)

 

          Gülşən xanım Gəncə şəhərində yaşayır, Tərəqqi medallı, Azərbaycan Respublikasının Əməkdar müəllimi, 30 ildən artıq pedaqoji təcrübəsi olan tanınmış dil-ədəbiyyat müəllimidir.

Fikrimizcə, “Göyqurşağı” kitabındakı müxtəlif şeir nümunələri kiçik yaşlı uşaqların həyata baxışlarının formalaşmasına, mənəvi-əxlaqi və tərbiyəvi xüsusiyyətlərinə təsir göstərən əsərlər kimi öz oxucusunu tapacaq, körpə fidanların sevimli kitabına çevriləcək. Bu ağır, əzablı və müqəddəs yolun çətinlikləri altına öz çiyinlərini vermiş Gülşən Aydınqızına yeni yaradıcılıq uğurları arzulayırıq.

 

İbrahim Yusifoğlu

 Azərbaycan YB və JB-nin üzvü, Prezident təqaüdçüsü,

Azərbaycan Respublikasının Qabaqcıl Təhsil işçisi