Aləmzər Sadıqqızı - İmza qoy, fərman göndər...

Ədəbiyyat 20:41 / 12.02.2026 Baxış sayı: 379

 

Hər günün öz dərdi var,

Hər günün öz azarı.

Tanrım, bir təklifim var,

Gəl bağla bu bazarı...

 

Ordan bir az sevinc sat,

Ömrümün bahasına.

Vallah səbrim tükənib,

Dözmürəm dahasına.

 

Yoxsa bu Yer üzündə,

Gördüyün bircə mənəm?

Ya güldür ya da öldür,

Ay mənim bircədənəm.

 

Bir azca unut məni,

Qat başımı var ilə.

Bir az üzünü çevir,

Durum gedim yar gilə...

 

İstəyirəm könlümə,

Bir azca sevinc əkəm.

Bilirsən, sən göylərdə,

Mən də yerlərdə təkəm.

 

Mənim könlüm yaralı,

Bir azca dərman göndər.

Yaz təzədən bəxtimi,

İmza qoy, fərman göndər.

12.2.2025.