Rafail Inceyurd Ismayilov -  YOL

Ədəbiyyat 20:00 / 12.02.2026 Baxış sayı: 376

 

Tapdaqlar altında doğulan cığır,

Ayaq çəkildisə keçinəcəkdir.

Can verən yolların ölüm sərgisi

Yolun ortasında bitən çiçəkdi.

O yandan o yana o yan da varsa,

Davam ortağıdı əzəllə axır.

Ömrün bəzəyidi bu ötürmələr,

Hər son bir əvvələ bir bayraq taxır.

Hərəkət həyatdı – di, durun gedək,

Yollara vurulmaq yol xışlamaqdı.

Dünya gözəlidi yolun gözəli,-

Hünər o gözəli naxışlamaqdı.

12.02.26