Adilə Səfərova- ELƏ KÖVRƏLMİŞƏM Kİ..
Ay, ulduzsuz gecənin
Zülmət qaranlığında,
Qəribə duyğuların
qərib tənhalığında,
Didərgin xəyalların
bu qarışıq çağında,
Həsrətin, intizarın
ağrıları canımda--
Kədər burulğanında,
Elə kövrəlmişəm ki...
Xatirə leysanında
elə nəmlənmişəm ki...
Göy qaraltsa üzünü,
Bulud sıxsa gözünü,
Gözlərimin ələnən
yaşına çata bilməz.
Yağan lesanlar belə
könlümdən qəm yükünü
Səngidib ata bilməz...
Elə kövrəlmişəm ki...
Qopsa tufan, qasırğa,
Çaylar məcrasın aşsa,
Ümmanlar coşub-daşsa,
Ürəyimdən nisgili, qüssəni yuya bilməz.
Pərişan duyğuların
Sükutda harayını
Göy, yer də duya bilməz.
Elə kövrəlmişəm ki...