Ay  Bəniz Əliyar - Mənim bənövşə vaxtlarım

Ədəbiyyat 20:00 / 11.02.2026 Baxış sayı: 338

***

Mənim bənövşə vaxtlarım

Bir ömrün yaz çəməniydi...

Keçdi bir göz qırpımında,

Heç sormadım, kimin idi?..

 

Kim dərib, kim qopardısa,

Ürəyi, gözü tox imiş...

Amma bifayda...

Nə yazıq...

İnsafı, dini yox imiş...

Mənim bənövşə vaxtlarım

Bir yazın sancağı oldu,

Ətri bihuşdarı kimi

Kimin sinəsinə doldu?!

Boynubükük boylanırdı,

Qoynunda kim büsat qurdu?

Kimin yatağın qızdırdı,

Kimin ürəyin doldurdu?

 

Heç vaxt qarşıma çıxmadı,

Heç vaxt yuxumdan getmədi.

Əl atdım, əlim çatmadı,

Səslədim, ünüm yetmədi.

 

Dağ üstdən qar kimi bəyaz

Örpəyin qaparaq keçdi.

Mənim bənövşə vaxtlarım,

Atlıydı, çaparaq keçdi.