Lilpar Cəmşidqızı - QƏZƏL

Ədəbiyyat 12:38 / 11.02.2026 Baxış sayı: 540

 

Soyuq fəslin sonudur, Yar, əsir hər gün külək yenə,

Könül candan küsüb artıq, danışdırmır ürək yenə.

 

Əl açdım mən göyə yerdən, Xudavəndim, köməksizəm,

Yapışsaydım ətəyindən, yıxılmazdım, fələk, yenə.

 

Çalışmaqdan qalan ömrüm, əlimdən düşdü cam kimi,

Haçan verdin günü xoş Sən, qanadlansın dilək yenə?

 

Bir eyvandan yola baxdım, səs etdim, həmdəmim gələr,

Könüldən keçdi, əlimdən tutaydın Sən gərək yenə.

 

Mənim xanəm uça bilməz, nə tikmişdin qalıb hələ,

Özül qoydun yerə daşdan ki, düz qalsın dirək yenə.

 

Saralmazdım, çəmən olsan, boy atmışdım, qopardılar,

Susuz qaldım, məni sandın zərif, kövrək çiçək yenə.

 

Bu can hərdən sarı simtək gərilməkdən sızıldayır,

Keçirsəydin quru yoldan yorumazdım, mələk, yenə.

 

Düşündüm hər kəsin aləmdə öz həm dərdi var yəqin,

Verər dərmanı əgər varsa, Yar eylər kömək yenə.

 

Qaçıb, Lilpar, nəzərindən, heç axtarmır Xuda səni,

Xəbər tutmaz, gözü görməz ki, yandırsan lələk yenə.