Ruhu çoxdan köçmüş baxışlar- yazdı Bəhram Bilaloğlu
Şəhərin ortasında bir sükut vardı.Bu sükutun içində gizlənmiş, amma heç kimin eşitmədiyi bir səssizlik daha cəlb edici idi,İzlədikcə görürdüm ki, İnsanlar tələsirdi — kimisi pula, kimisi şöhrətə, kimisi özü də bilmədiyi bir boşluğa doğru.
hamısının da üzündə eyni ifadə: diri kimi görünən, amma ruhu çoxdan köçmüş baxışlar.
Mən o gün dayanıb onlara baxdım.
Bir kişi gördüm ki,əlində çanta, gözündə yorğunluq. Addımları çox sürətli idi, amma sanki heç yerə çatmırdı. Düşündüm: bu adam nə vaxt özünə çatacaq? Nə vaxt dayanıb soruşacaq:
“Mən haradayam?”
Bir qadın da keçdi yanımdan — üzündə süni təbəssüm. Gözləri isə ağlayırdı. İnsanlar onun gülüşünə aldanırdı, amma mən o gözlərdə sükutla çırpınan fəryadı görürdüm.
O an anladım...
İnsan bəzən ölmür — sadəcə içindəki həyat susur.
Və bu sükut yoluxucudur.
O qədər diri görünüb ölü kimi gəzənlər var ki, onlara baxanda ruhumuz yorulur. Ümidimiz bir az daha sönür. Sanki onların içindəki qaranlıq, bizim işığımızı da udmaq istəyir.
Mən qaçmaq istədim o baxışlardan. Amma qaça bilmədim. Çünki o “ölülər” şəhərin hər yerində idi — küçələrdə, avtobuslarda, hətta güzgüdə belə.
Güzgüyə baxdım.
Bir anlıq qorxdum.
“Yoxsa mən də onlardanam?”
Bu sual ürəyimə sancıldı. Cavabını tapmaq üçün gözlərimin içinə baxdım. Orada hələ də kiçik bir işıq vardı. Sönməmişdi... amma zəif idi.
O işığı qorumaq lazım idi.
Çünki insanı yaşadan nəfəs deyil — ümiddir, inamdır, vicdandır.
O gündən sonra qərar verdim:
Diri görünən ölülərdən olmayım.
Qəlbim ağrıyacaqsa — demək, yaşayır.
Gözlərim dolacaqsa — demək, hiss edirəm.
Yıxılıb qalxıramsa — demək, yolum var.
Çünki ən böyük ölüm torpağa girmək deyil...
Ən böyük ölüm — yaşaya-yaşaya içində ölməkdir.