Ayaz Arabaçı - Qəribə bir gün idi, o gün
Qəribə bir gün idi, o gün
o payız günü..
Saralan zəmilərin üstündəki sərçələr
toy-bayram içindəydi..
Çöllərin sükutunu pozurdu kərəntilər,
atamgil biçindəydi..
Əslində o çölləri oyadan biçinçilər
Fatihə oxuyurdu yayın cənazəsinə..
Solub getmiş çiçəklər
Çoxdan yadırğamışdı arıların səsinə..
Açılırdı astaca payız köhnə qapıtək..
gözətçi Əli kişi
düşmüşdü üzüquylu
ömrü yollarda bitmiş cırıq ayaqqabıtək.
Məqribdən-Məşriqəcən
dəli göy gurultusu
sayıqlayıb keçirdi.
Bütün xatirələri sovururdu küləklər,
Küçələr yarpaqları ayaqlayıb keçirdi.
Göylərin sinəsini şırımlayıb vəl kimi
Xiffətini çəkirdi durnalar uzaqların.
Eşidirdim arabir futbol həyəcanını,
bığ yeri təzə-təzə tərləyən uşaqların.
Kəndin baş tərəfindən gülümsünüb enirdi
Günəş qürub çağına.
Qapılar asta-asta örtülürdü payızın
yalançı sazağına..
Bir də bir it hürürdü hardasa lap uzaqda..
Lap elə adam kimi, acı taleyə-baxta..
Qəribə bir gün idi o gün,