Məmməd Aslan  - XOŞ  GÖRDÜK

Ədəbiyyat 12:34 / 15.04.2026 Baxış sayı: 984

Haçandı görmürəm, lap yuxalmışam,

Nərgiz, nə kefdəsən?!

Süsən, xoş gördük!

Səni çəmən boyu xəbər almışam:

Mənim incigülüm, sənsən? - xoş gördük.

 

Gəldim: şəlalənin gur saçın görüm,

Dağların başında gül tacın görüm!

Ömürdən,bahardan söz açın görüm,

Dərələr, xoş gördük,düzən xoş gördük.

 

Səsində bir giley duyuram, bulaq,

Keçən son bahardan düşmüşdük uzaq…

Sirli dodağından öpüm, barışaq,

Ay məndən inciyib -küsən,xoş gördük!

 

A kövrək ürəkli,süslü bənövşə,

Qəlbimə od saldın gizli , bənövşə.

Niyə kirimisən ,sözlü bənövşə,

Nə olar, dil açıb desən: Xoş gördük?!