Xəqani HƏBİBOĞLUNUN ŞEİRLƏRİ
DAĞLARI
Solur dolu vurmuş çiçək dənizi,
Gəl ömrüm, gəl gülüm, bəzə dağları!
Demişəm qoynuna gələcək o qız ,
Aldadıb gəlmişəm təzə dağları!
Bulaqlar buzunu qıranda gəlmə,
İldırım palıdı yaranda gəlmə,
Lalələr donunu cıranda gəlmə,
Bədnəzər gətirər gözə dağları!
Nə qədər sən varsan, nə qədər dağ var,
İlhamım çağlardı, dodaqlarım tar!
Dağların vurğunu a sevdiyim yar,
Gəl bizə, köçürüm bizə dağları!
GÖRÜRƏM
Bu düzlər ruhumun yamaclarıdır!
Özüməm,harda ki,dağ-daş görürəm...
Hər çopur daşa da qanım qaynayır,
Elə bil həsrətli qardaş görürəm.
Hanı ata yurdun,çıxıb gedəsən..
.
Qanını gül kimi qoxub gedəsən.
Zirvə dərə deyil axıb gedəsən,
Ucalıq yolunda savaş görürəm.
Zirvə haqqın uca mülkü,binadı !
Dəlidağdı,Himalaydı,Minadı.
Günəş bağışlayar,axı anadı...
Mən dağı Günəşdən obaş görürəm.
Dağ boğmur hirsini,doğur təpələr,
Dağ əmir buludu,sağır təpələr...
Günüzlər gördüyüm fağır təpələr,
Gecələr yuxuda Qoçdaş görürəm !
KÖNLÜMÜ
Sanırsan ki, gözəllikdən küsübdü...
Gül ilə tutursan dilə könlümü.
Kərəm Ərzurumda borana saldı,
Sara Arpaçayda selə könlümü.
Sərtlikdə zəriflik - fikrin yarğanı!
Bu yarğanda neçə arzu doğranır...
Bənövşə - yastığı,nərgiz - yorğanı,
Lalənin ovcunda bələ könlümü!
Qismətim olmadı ağacdan çətir,
Şeiri yazıram, kül olur sətir.
Buzdan kar aşmadı, bir sal duz gətir!
Ərit göz yaşında, çilə könlümə!
Hansı bənövşəni şoran gözləyir...
Sanma Xaqanini aran gözləyir!
Dəlidağda dəli boran gözləyir,
Gül balam, öyrətmə gülə könlümü