Lilpar Cəmşidqızı  -QƏZƏL

Ədəbiyyat 10:41 / 15.04.2026 Baxış sayı: 968

 

Könül, cəmalı göyçək o yarı gözləyirsən,

Şükür, sevibdi ruhum, nigarı gözləyirsən.

 

Utandı qönçə güllər, budaqda düyməsindən,

Xəzan gəlib qopardıb, nübarı gözləyirsən.

 

Məlalı görsədəndən, bu can vüsalə yetmir,

Doyubdu köksüm artıq, naharı gözləyirsən.

 

Odum sönəndə küldən qığılcım axtarırsan,

Telimdə şehli güllər, vüqarı gözləyirsən.

 

Buludla dost olandan, gözümdə çən yaratdın,

Tökülməyəndə leysan, buxarı gözləyirsən.

 

Kisəndə gizlədibsən, nə yığdığın görünmür,

Alıb- verəndə hərdən, çıxarı gözləyirsən.

 

Gələndə qarlı günlər, fəsil- fəsil dəyişdin,

Ömür keçib payızdan, baharı gözləyirsən.

 

Nicat umanda gözdən, səhər şəfəq görünməz,

Yolun sonunda durdun, güzarı gözləyirsən.

 

Qanad çalanda ruhun uçar səmayə, Lilpar,

Çıxanda can qəfəsdən, o Yarı gözləyirsən.