Arzu Əsəd - Ölkənin hər regionundan...

YAZARLAR 11:20 / 11.02.2026 Baxış sayı: 425

Ölkənin hər regionundan bu qədər şəhid verdikdən, bu bir qərinəlik müstəqillik illərimizdə hər bir regiondan yüksək vəzifədə işləyib öz yerlilərinin adından sui-istifadə edərək onlara gün ağlamayan, yalnız öz ailə əfradını varlandıran kadrların iç üzünü də gördükdən sonra hələ də kimsə regionçuluq söhbəti aparırsa, bu tipli təhriklərə uyursa, demək, o adamın Allahdan, təbiətdən ağıl adında bir nəsibi yoxdur. Bir hörmətli jurnalistimiz yazır ki, günün günortaçağı qarabağlılarla ermənistanlıları bir-birinə düşmən edirlər, biz də durub baxırıq.

Cavab olaraq yazdım ki, ermənistanlıların, qarabağlıların ağlı olsun o təhriklərə uymasınlar. Palçığa neçə dəfə batmaq olar? Biz hansı materialdan xəlq olunmuşuq ki, hər ağlından bir külək əsən ortaya region söhbəti atıb bu milləti bir-birinə qarşı qoya bilir? Mən filan yerdə doğulmuşam. Hə, nə olsun? Bu bir insan olaraq mənə nə ayrıcalıq, nə imtiyaz verir ki, niyə verməlidir ki? Yer üzünün hər yerində torpaq, dağ, daş, ağac, bitki öryüyü, çay, bulaq, relyef, bir-iki uçuq-sökük tarixi abidə və sairə var. O dağın ətəyində doğulmayaydım, bu dərədə doğulardım, adam, vətəndaş, normal cəmiyyət üzvü olmayandan sonra harada doğulmağın nə fərqi, nə faydası var? Doğulduğun kəndlə, regionla fəxr etmək infantillikdir, uşaqlıq düşüncəsindən çıxa bilməməkdir.

Azərbaycanın bu başından o başına avtomobillə cəmi 4-5 saatlıq yoldur. Bu boyda ərazini regionlara bölüb adamlarını qarşı-qarşıya qoymaq mümkündürsə, bu adamların məcmusu olan xalqdan nə gözləməli? Amma, allah naminə, bu xalq da daha əvvəlki deyil. Öz fərdi psixoloji problemlərini həll etmək istəyənlərə, hansısa xarici dairələrdən təlimatlanıb ölkəyə nifaq toxumu səpmək istəyənlərə regionçuluq kartından istifadə etməyə daha imkan vermir. Ermənistanlı, naxçıvanlı, bakılı, qarabağlı, dağlı, aranlı söhbətləri çox azalıb.

Kimsə başqası ilə mübahisədə öz fərdi problemini regionçuluq prizmasından həll etmək istəyirsə, elə öz regionunun adamları ona - Dur! - deyir. Üstünü daha da basdırmalı, bu imperiya mirası olan "ayır, buyur" siyasətinin qalıqlarını bir də xortlamağa qoymamalıyıq. Ona görə də hər şeydən əvvəl hər birimiz haqlı-haqsız olmağından asılı olmayaraq işin içinə region söhbəti qatan öz həmregionlumuza "burada dur, sənə hörmətim çoxdur, amma heç bir vəchlə Azərbaycanı bölməyə sənə imkan vermərəm" deməliyik. Nə kiminsə evindən çıxmayan qaçqınları ümumiləşdirmək adına, nə təcavüzkarlara lənət oxumaq adına, nə filan region dahilər diyarıdır adına, nə filan regionun adamları daha qeyrətli, daha igid, daha siyasətçi, daha poetik və sairə cəfəngiyyatı adına bu vətəni bölməməliyik!

Çalışmaq lazımdır heç evdə-eşikdə, toyda-yasda, küçədə-məclisdə də belə ucuz region təəssübkeşliyi söhbətləri etməyək ki, pis regionçuluq vərdişlərimizdən qurtulaq, daha səmimi azərbaycalı ola bilək