Ayxan Hüseynli ,AYB-nin üzvü - Sığal çəkim xəyalıma…
İstəmirəm, bu dünyanın yükün çəkim…
Nəyə lazım, gecə gündüz dərdin çəkim…
Ölməzliyə sığınmışam, yol gedirəm bilməzliyə
Öz başıma oyun açıb, qorxuların rəsmin çəkim
Maddiliyin ədası var, nemətlərin cəfasında
Əməklərin sədası var, yalanların səfasında.
Ümidin də öz yeri var, ümidsizlik yuvasında
İnanmıram bacarmağı, var içində “yox”lar çəkim…
Həyat taxtı əyləşməyə çox uzaqdır,
Hər çətində, sıxıntıda həsrət dolu bir qucaqdır.
Gələnlər də, gedənlər də əvəz edir xoşbəxtliyi
Öz eşqimə şərik çıxım, qəlbimə bir məlhəm çəkim…
Nə söz deyim, nə danışım
Susqun susqun baxışlarla,
Bu günümə nağıl deyim.
Gələcəyə əl uzadıb,
Xəyalıma sığal çəkim.