Ələsgər ƏLİOĞLU - AY PAYIZ, QAPINA GƏLMİŞƏM SƏNİN
Çöl-çəməndən çiçək ummur gözlərim,
Sığallanmır, tumarlanmır sözlərim...
Boynubükük qalıb daha izlərim,
Enişdən- yoxuşdan keçsəm də çətin;
Ay payız, qapına gəlmişəm sənin.
Demə ki, papağı günə vermişəm,
Sözümü saçımda dənlə hörmüşəm...
Ağrıya-acıya sinə gərmişəm,
Belini qırmışam dumanın, çənin;
Ay payız, qapına gəlmişəm sənin.
Məni tənhalığın qoyma əlində,
Boğulub gedərəm həsrət selində...
Gəl dinib-danışaq xəzəl dilində,
İliyinə bıçaq çək dərdin, qəmin;
Ay payız, qapına gəlmişəm sənin.
11.02. 2026