Adilə Nəzər - ÜZÜN FƏLSƏFƏSİ

Ədəbiyyat 20:32 / 12.02.2026 Baxış sayı: 327

 

 

poetik-fəlsəfi miniatürlər

 

Alın düşüncənin görünən hissəsidir.

Alın qırışırsa, yazılanın çoxu artıq yaşanıb.

Alın açıqdırsa, niyyət də təmizdir və daxili ağılı üzə çıxarır.

Alın – Lövhi-məhfuzdakı yazının simvolik əksidir,

burada niyyət, xarakter və taleyin izi görünür.

Qaş duyğunun çərçivəsidir.

Qaş qalxırsa, içində sual var.

Qaş çatılırsa, qərar verilib.

Qaş üzün səssiz nida işarəsidir.

Göz baxır, qaş münasibət bildirir.

Göz baxış deyil, niyyətdir.

Göz insanın susduğu yerdə danışır.

Göz həqiqəti, dil fikri ifadə edir.

Göz içində kimin yaşadığını göstərən pəncərədir.

Bəzən gözün bir ifadəsi min cümlədən ağır olur.

Burun nəfəsin qapısıdır.

Burun təkəbbürlə qalxanda insan kiçilir.

Baş dikəldikcə burun həddi aşır.

Burun xarakterin sərhədini tez ələ verir.

Ağız sözün meydanıdır.

Ağız açılmamış fikir günahsızdır.

Ağız danışar, amma məsuliyyət ürəyə düşər.

Ağız danışır, dəyəri isə susanda bilinər.

Çənə qətiyyətin dayağıdır.

Çənə titrəyirsə, qərar zəifləyib.

Çənə sıxılırsa, söz artıq ölçülüb.

Çənə üzün son nöqtəsidir – hökm orada dayanır.

Çənə iradənin sərt xəttidir.

Saç simanın tacıdır.

Saç üzü çərçivələyir, ifadəni tamamlayır.

Saç sakitdirsə, daxili harmoniya da görünür.

Saç ömür yoludur –

düzülüşü və rəngi həyatın izlərini daşıyır.

Üz insanın görünən bioqrafiyasıdır.

Üz ifadəsi daxili iqlimin xəritəsidir.

Üz dəyişirsə, içəridə nəsə qırılıb.

Üz insanın imzasıdır.

12.02.2026