Həcər Atakişiyeva - I TÜRKOLOJİ QURULTAYIN ƏDƏBİYYATIN İNKİŞAFINDAKI ROLU
I Türkoloji qurultayda türk xalqlarının əlifba məsələsi, dili, kulturoloji görüşləri, tarixi, ədəbiyyatı, dilçilik məsələləri araşdırılmışdır. Qurultayda iştirak edən M.Köprülü, V.Bartold, Ə.Hüseynzadə, Samoyloviç, T.Mentsel, B.Çobanzadə, Qubaydulin kimi ədəbiyyatşünaslar ümumtürk ədəbiyyatının problemlərinin həlli istiqamətində çox mühüm işlər görmüşdürlər. Qurultayda iştirak edən İsmayıl Hikmət kimi nüfuzlu ədəbiyyatşünaslar türk xalqlarının mədəni-mənəvi birliyində ədəbiyyatın rolunu yüksək qiymətləndirərək, ədəbiyyatla bağlı çox qiymətli məruzələrlə çıxış etmişdirlər. Qurultayda ədəbiyyatla yanaşı dil, dil əlaqələri, dil nəzəriyyəsi, termin, orfoqrafiya, tarix, kulturologiya kimi mövzularada geniş şəkildə yer ayrılmışdır. I Türkoloji qurultayda “Qudatqu bilik”, “Divani-lüğətt-it-türk”, “Divani- hikmət”, Orxon -Yenisey abidələrinin təhlillərinə aid məsələlər müzakirə edilmişdir. Qurultayda Ə.Hüseynzadə “Qərbin iki dastanında türk”, B.Çobanzadə “Türk dillərinin yaxın qohumluğu haqqında”, akademik V.Bartold “Türk xalqları tarixini tədqiqin indiki vəziyyəti və yaxın vəzifələri”, Qubaydullin “Türk-tatar xalqlarında tarixi ədəbiyyatın inkişafı”, F.Köprülü “Türk xalqlarının ədəbi dillərinin inkişafı” (1-ci məruzə), “Türk xalqları ədəbiyyatlarının tədqiqin yekunları və gələcək vəzifələri” (ikinci məruzə), T.Mentselin “Anadolu-Balkan türklərinin ədəbiyyatlarının araşdırılması və nəticələri” adlı məruzələri ilə dünya ədəbiyyatına çox böyük töhfələr vermişdirlər. Qurultayda ədəbiyyat məsələləri ayrıca və digər problemlərlə qarşılıqlı əlaqəli şəkildə təhlil edilib müəyyən nəticələrə gəlinmişdir. Ə.Hüseynzadənin “Qərbin iki dastanında türk” adlı məruzəsi özünün mövzusu, problematikası və strukturu cəhətdən olduqca mükəmməl idi. Böyük ədib və mütəfəkkir Əli bəy Hüseynzadə məruzəsi ilə türk xalqlarının tarixində ədəbiyyatın inkişafının vacibliyini dönə-dönə bildirmişdir. Onun məruzəsində türk xalqlarının ədəbi-mədəni həyatı başlıca yer tutmuşdur. O, məruzəsində ümumtürk ədəbiyyatının tarixi əhəmiyyətini çox yüksək qiymətləndirmişdir. Ə.Hüseynzadə ən qədim dövrlərdən orta yüzilliklərin sonuna qədərki zaman məsafəsində yaranan qədim türk dastanlarını, Orxon-Yenisey yazılarını, XI-XVI əsrlərdə Orta Asiya, Qafqaz, İran və Anadoluda yazıb-yaratmış klassiklərin əsərlərini türk xalqlarının sərvəti adlandırmışdır. Qurultayda türk xalqlarının ədəbiyyatının inciləri olan dörd misralıq formalardan-mani, türkü, türkhani, tuyuğ kimi şeir şəkilləri yüksək qiymətləndirilmişdir. Türk ədəbiyyatının tarixinin tərcümeyi-hal materiallarının zəngin olmasında türk xalqlarının əvəzsiz rolu danılmazdır. Qurultayda minillik ədəbiyyat tarixi olan türk xalqlarının xalq ədəbiyyatı nümunələri yaradaraq, ədəbiyyatlarını zənginləşdirməkləri yüksək dəyərləndirilmişdir. Türk xalqları ədəbiyyatındakı ədəbiyyat nümunələri sayəsində tarixi və coğrafi inkişafa nail olunmuşdur. I Türkoloji qurultayda türk xalqlarının ədəbiyyatına aid əlyazmaların toplanması və araşdırılması məsələsi də geniş bir şəkildə müzakirə olunmuşdur. Türk xalqlarında ədəbiyyatın inkişaf yolları müzakirə edilərək, bir çox ədəbiyyat məsələləri öz həllini tapmışdır.