Aləmzər Sadıqqızı - Unutdum...

Ədəbiyyat 15:56 / 14.02.2026 Baxış sayı: 391

 

Canımı qoymağa yer tapmayanda...

Başımı ayrılığa qoydum...

Yuxuya verdim gözlərimi...

Layla dedim buludlara...

Nağıl dedim ulduzlara...

Unutdum bu dünyanı, unutdum sən qarışıq...

İçimdə küt ağrı kimidi bu yorğun sabah...

Günəşi buz kimi...

Quşları da oxumur bu səhərin...

Çiçəkləri ətirsizdi baharın...

Adamları etinasızdı dünyanın...

Unutdum adamları, unutdum sən qarışıq...

Əlimi açdım göyə Tanrı ilə danışdım...

Bir az huzur istədim...

Bir az ömür istədim...

Səni unutmaq üçün bir az dözüm istədim...

Ayrılığa bir çözüm, bir də çarə istədim...

Unutdum ayrılığı...unutdum sən qarışıq...

Hamı gülsün, gül açsın, güllər gülə verilsin...

Mənsiz açsın çiçəklər, mənsiz gülsün ürəklər..

nəğmə desin dodaqlar, gülsün bütün ocaqlar...

Gülsün Yer üzü gülsün...

Mən gülməyi unutdum, unutdum sən qarışıq...

Gözlər sevgidən gülər...

Ürək sevgidən dinər...

həyat nəğmələrini sevgi dilində söylər...

Arılar çiçəklərə , çiçəklər böcəklərə...

Küləklər ağaclara, ağaclar yarpaqlara..

Qaranquşlar bahara, həyat yaşayanlara...

Məhəbbətdən, sevgidən minbir nağıl danışar...

Sən olmayan dünyanı sevməyi bacarmadım...

Unutdum sevməyi də...unutdum sən qarışıq...

19.3.2016.