Rəfail Tağızadə - Qoru məni

Ədəbiyyat 18:03 / 14.02.2026 Baxış sayı: 245

 

Bu gecə yuxumu ərşə çəkdirən

dərdlər göy əskiyə bükəcək məni.

Tutub öz əlimlə, dırnaqlarımla,

hələ codlaşmamış barmaqlarımla

məni öz qanıma boyuyacaqdı.

Sonra maddım-maddım baxıb üzümə

bu dərdi taleyə bağlayacaqdı.

Qanımı dondurub, səsimi kəsib,

küyümü içimdə saxlayacaqdı.

Arzular qurtarmır, güman yetişmir,

uzanan əlimə ümman yetişmir.

Sən məni dənizin üstünə çıxar,

istərsən yeriyib gedim bu yerdən.

Məni utandırma özüm-özümdən.

Açın bu gecənin qapılarını.

Udacam gecəni hava qarışıq,

bu dəniz qarışıq, səma qarışıq,

ulduzlar qarışıq, o ay qarışıq.

İlahi, sən məni günahdan qoru,

məni utandırma gecə yanında,

bu dəniz yanında, o ay yanında,

məni utandırma Onun yanında.

... qoru bu gecəlik günahdan məni,

qoru bu gecəlik qınaqdan məni.