Sabir Zəkullaoğlu - biz əslində heç nə bilmirik...

YAZARLAR 08:18 / 14.12.2025 Baxış sayı: 1456

İnsan əslində öz hisslərinin məcmuəsindən ibarətdir. Onun varlığı cismani və ya sırf fizioloji mövcudluqla məhdudlaşmır.

Məsələn, mən heç də yalnız “mən”dən ibarət deyiləm. Zahirən hisslərimdən, yaşadıqlarımdan, toxunuşlardan yaranıram; daxilimdə isə orqanlarım bakteriyaların, mikrobların, virusların və göbələklərin təşkil etdiyi saysız-hesabsız mikrovarlıqların birliyidir.

Adi bir nümunə götürək: mədə-bağırsaq florasını. Oradakı bakteriyaların tarazlığı pozulduqda, mənim fizioloji bir varlıq kimi funksionallığım da sarsılır. Deməli, mən dediyimiz bütövlük təkcə şüurdan yox, görünməyən aləmlərin harmoniyasından ibarətdir.

Ətraf aləmi dərk etməyim, ona münasibətim — hiss etdiklərimin əks-sədasıdır. Hətta mümkündür ki, hiss etdiyim şeylər öz təbiətində heç də mənim anladığım kimi olmasın. Sadəcə toxunuş duyğum mənə hansı siqnalı, hansı biçimdə ötürürsə, mən də onu o cür qəbul edirəm.

Hər şey nisbi və qeyri-müəyyəndir. Bizim bildiyimiz yalnız hiss edib anladığımız tərzdir.

Ən bəsit insan “bunu dəqiq bilirəm” deyən insandır. Əslində isə o, heç nə bilmir. Sadəcə ona müəyyən bir siqnal çatıb və o siqnala əsasən elə zənn edir ki, nəyisə bilir.

Kəsəsi, biz əslində heç nə bilmirik.

Biz sadəcə hiss edirik…