Mən şair deyiləm, ağ kağızlara

Özümdən xəbərsiz sətirləşirəm

Ədəbiyyat 16:42 / 04.06.2026 Baxış sayı: 161

 

    Bu günlər doğma yerləri -Qazax və Ağstafa rayonlarına ziyarətdən qayıdan dostum, görkəmli rəssam, Beynəlxalq Aktivist Sənətçilər Birliyinin Azərbaycan təmsilçisi, Birliyin Rəsm Komitəsinin sədri, şair qəlbli Nəvai Metin maraqlı söhbətlərini dinlədim. Söhbət əsnasında Nəvai müəllim danışırdı ki, ölkəmizin qərb bölgəsində hansı məclisdə, hansı görüşdə  olduqsa söz şahlıq edir, saz meydan sulayırdı. Kimi dindirirdinsə şeir söyləyir, dastan danışırdı. Hamısı da təptəmiz, dupduru, saf, səmimi. İstər-istəməz unudulmaz şairimiz Əli Kərimin məşhur misraları yada düşür:

Yollar kənarında pinəçilər var,

Alim təfəkkürlü, şair xəyallı...

 

Onun görüşdüyü sadə peşə adamlardan biri də daşyonan-hörükçü peşəsində çalışan Fərman Eloğlu olub.

Fərman Eloğlu 1957-ci ildə Ağstafa rayonunun Saloğlu qəsəbəsində anadan olub. Orta məktəbi qəsəbədə bitirib. Sonralar hörükçü peşəsinə yiyələnib. İçi dolu şeirdi, nəğmədi, oxşamadı, bayatıdı Fərman kişinin. Şeir həm də Fərman kişi üçün ruhi qidadır. Fərman Eloğlunun Nəvai müəllimə təqdim etdiyi bir ümumi dəftər dolu şeirlərindən bir neçəsini  oxucuların diqqətinə təqdim etmək istədim.

                                                                                                                                        Ramiz Göyüş

                                                                                                                                        AYB-nin üzvü

                                                                                                      

 

 

Yoxdur

Aylar ötür, il dolanır,

Yaşımdan xəbərim yoxdur.

Saqqalım-bığım ağarıb,

Başımdan xəbərim yoxdur.

 

Dünyanın işi dolaşıq,

Dərdə-kədərə yoldaşıq.

Gözüm könlümə yaraşıq,

Qaşımdan xəbərim yoxdur.

 

Qocalıram, yaşlaşıram,

Öz-özümlə savaşıram.

Bilərəkdən daş atıram,

Huşumdan xəbərim yoxdur.

 

Fərman sevməz yamanlığı,

Uca tutub insanlığı.

Fələyin qəfil atdığı

Daşından xəbərim yoxdur.

 

Dağların

Məmməd İlqara

 

Dağlardan çox yazdın, ay Məmməd İlqar,

Məni də ağlatdı dərdi dağların.

Oxudum şeirini mən indi bildim,

Hər qarış torpağı dərddi dağların.

 

Boylanır yollara bəlkə el gələr,

"Dübeyti" üstündə dağlar dil deyər.

Zirvədə, yamacda açılan güllər

Xalıdan süfrəsin sərdi dağların.

 

İncədən siz gəlin, Saloğludan biz,

Yaradaq dalğalı bir coşqun dəniz.

Ağlayır, sızlayır cığır-izimiz,

Hanı "Tərəkəmə" kəndi dağların.

 

Dağların vəsfini zirvədən yazaq,

Murovu oxşayaq, Kəpəzdən yazaq.

Eloğlu, biraz da İncədən yazaq,

Var belə istəyi, şərti dağların.

 

Dünya

 

Baş aça bilmədim heç kələyindən,

Sola-sağa baxdım, tələsən, dünya.

Utanan deyilsən bəd əməlindən,

Çiynimizdə yüksən, şələsən, dünya.

 

Baxıram, yaltaqlıq can alıb gedir,

Üstəlik paxıllıq yan alıb gedir.

Canda qaysaqları qanadıb gedir,

Qansoran, qaniçən zəlisən, dünya.

 

Ötən xatirələr qaranlıq qaldı,

Sevinci, gülüşü bir anlıq qaldı.

Nə qədər arzular yarımçıq qaldı,

Küllü-kainata bəllisən, dünya.

 

Ay Fərman, gileyin heç yeri yoxdur,

Həyat bulanıqdır, dürr yeri yoxdur.

Min il yaşasan da, xeyiri yoxdur,

Sən insan gözündə zəlilsən, dünya.

 

Gələcəm, anam, gələcəm

 

 Tənhalıqdan yoruldunmu?

Gələcəm, anam, gələcəm.

Həsrətimdən qovruldunmu?-

Gələcəm, anam, gələcəm.

 

Qüssə-kədər, qəm eləmə,

Qara gözü nəm eləmə.

Sevincini kəm eləmə,

Gələcəm, anam, gələcəm.

 

Ömrü-günü vermə yelə,

Qayğı göstər, diqqət elə.

Görüşünə gülə-gülə

Gələcəm, anam, gələcəm.

 

El-obamla öyünməyə,

Dost-qohumla şənlənməyə.

Sevincinə sevinməyə

Gələcəm, anam, gələcəm.

 

Soy-kökümdə düz olmağa,

Ocağında köz olmağa.

Yurd-yuvama göz olmağa

Gələcəm, anam, gələcəm.

 

Günəş hələ boylanmamış,

Qoyun-quzu haylanmamış,

Sən yuxudan oyanmamış

Gələcəm, anam, gələcəm.

 

İncələşirəm

 

Mən şair deyiləm, ağ kağızlara

Özümdən xəbərsiz sətirləşirəm.

Duyuram ömrümün ağrı-acısın,

Özüm öz dərdimə hənirləşirəm.

 

Yaxşıdan yamanı ayırmaq çətin,

Min cürə rəngi var hər bir sifətin.

Allaha inamın, doğru məsləkin

Önündə gedirəm, mətinləşirəm.

 

Can deyərəm qohumlara, dostlara,

Bir-birindən əhval tuta, hal sora.

İbrahim İlyaslı, Məmməd İlqara

Şeirin qüdrətindən mehirləşirəm.

 

Fərman bağlı olub haqqın pirinə,

Arxayındır öz ağlına, sərinə.

Düşüb sazın-sözün sirli sehrinə,

Dəyərli oluram, İncələşirəm.

 

Var

 

Həyata ötəri baxma, eloğlu,

Həyatın dəyişən zamanları var.

Qara-ağ günü var yaşanan ömrün,

Taleyə güvənmə, bəd anları var.

 

Çalış hər addımda ehtiyatlı ol,

Xeyirxah işlərə yelqanadlı ol.

Vətənə bağlı ol, elə bağlı ol,

Desinlər nə gözəl amalları var.

 

El arxadır, köməyidir insanın,

Gərəyi ol sənə candan yanananın.

Yaltaqlanıb dili topuq çalanın

Bilin ki, haqdan çox yalanları var.

 

Qol-qanaddır saf halallıq Fərmana,

Əbədidir bu ucalıq Fərmana.

Haqdan gəlib bu qocalıq Fərmana,

Çün onun səliqə-səhmanları var.