Əlizadə Nuri - Bu dərdin başına tac qoymuşam mən

Ədəbiyyat 14:49 / 04.06.2026 Baxış sayı: 177

Bu dərdin başına tac qoymuşam mən

İlahi, bir sözə yığmısan məni-

Bir sözə yığmısan can əvəzinə.

Bəlkə göy üzünü yaralayıblar

Damır ay işığı qan əvəzinə?

 

Sənsiz yer üzündə yol azan səsəm,

Sənsiz neynəyər ki, bu halı sərsəm?

Bəlkə bu səhərin günəşi sənsən-

Sökülür ürəyim dan əvəzinə?!

 

Vaxtın darağında saç qoymuşam mən,

Neçə gün qələmi ac qoymuşam mən.

Dərdimin başına tac qoymuşam mən-

Taxta çıxartmışam xan əvəzinə...